BAKI, 17 aprel. TELEQRAF
“Avropa İttifaqı (Aİ) nümayəndələrinə görə, Ukraynadakı müharibə 2030-cu ilə qədər davam edə bilər və qarşıdakı dövrdə əsas məqsəd ABŞ-nin iştirakı olmadan Rusiya ilə mümkün hərbi toqquşmaya hazırlaşmaqdır”.
Teleqraf xəbər verir ki, bunu Belçika Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general Frederik Vansina deyib.
Belçikalı general bu müddətdə Rusiyanın digər Avropa ölkələrinə hücum etməyəcəyini bildirib.
“Ukraynalıların qanı bahasına hələ bir neçə ilimiz var. 2030-cu il Avropa üçün çətin dövr olacaq. Ümid edirik, həmin vaxta qədər Ukraynadakı müharibə bitmiş olacaq”, - o əlavə edib.
Vansinanın sözlərinə görə, 2030-cu ilə qədər Aİ Rusiyaya ABŞ olmadan belə Avropaya qarşı müharibəni uduzmayacağını göstərmək qabiliyyətinə malik olmalıdır.
Baş Qərargah rəisi həmçinin qeyd edib ki, əhalini çox qorxutmaq istəmir: “Rusiya bu gün, sabah və ya yaxın aylarda Avropaya hücum etməyəcək”.