Ailələrimizin sağlamlığı, xoşbəxtliyi, rifahı üçün dövlət, cəmiyyət, eləcə də vətəndaş məsuliyyət daşıyır. Azərbaycan xalqı ailə dəyərlərini, ailə ləyaqətini hər şeydən uca tutur. Ona görə də, biz bu qiymətli sərvəti yad təsirlərdən qorumalıyıq. Azərbaycan ailəsi dünyada ən yaxşı ailə modellərindən hesab olunur. Bir çox dövlətlərdə ailə institutu deformasiyaya məruz qalıb. Onlar bu sosial təsisatın yenidən bərpası üçün bir sıra qanunlar qəbul edir, sosial layihələr həyata keçirir. Çünki ailə institutunun dağılması demoqrafik proseslərə də mənfi təsir edir.

Bunu Teleqraf.com-a Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri, professor Hicran Hüseynova deyib.

O qeyd edib ki, hazırda bir sıra ölkələrdə, orta nəslin az olması, nəsillər arası balansın pozulması müşahidə olunur: “Ona görə də, onları qoca ölkələr adlandırırlar. Artıq demoqraflar bir sıra Avropa ölkələri üçün həyacan təbili çalır. Əfsuslar olsun ki, bəzən dünyada bu mənfi tendensiyaların genişləndirilməsinə səy göstərilir və bu tendensiyadan yan qaçmaq istəyən və alternativ yollar axtaran ölkələrə təzyiqlər edilir. Bu təhlükələri daha geniş və tam dərinliyi ilə görən Prezident İlham Əliyev BDU-nun 100 illik yubiley mərasimində xüsusi olaraq vurğulayıb ki, “Biz ənənəvi dəyərlər üzərində dövlət qururuq”. Ölkə başçısı proqram xarakterli çıxışında, bir daha vətəndaşlarımıza, xüsusi ilə gənclərimizə çağırış etdi ki, biz öz dəyərlərimizə sahib çıxmalıyıq, qorumalıyıq”.

Komitə sədrinə görə, çox təəssüflər olsun ki, hazırda ailə-nikah münasibətlərinin tənzimlənməsində bir sıra problemlər var: “Bu bir reallıqdır. Biz belə neqativ hallara göz yuma bilmərik. Ailə üzvləri arasında ünsiyyət çətinliyi, sosial-psixoloji mühitin gərgin olması, erkən və qeyri-rəsmi nikah, məişət zorakılığı hallarının baş verməsi, uşaqların təhsildən yayınması və bu kimi digər problemlər ailələrin zəifləməsinə və nəticədə dağılmasına gətirib çıxarır. Təhlillər göstərir ki, müasir dövrdə ailələrin dağılmasının əsas səbəbi heç də maddi durum deyil, digər vacib məqamlardır ki, bunlar da özündə tərbiyə, mənəviyyat, davranış və əxlaqi dəyərləri birləşdirir”.

Millət vəkili deyib ki, Azərbaycanda boşanmaların, ailə-məişət zəminində zorakılıqların, qətllərin sayı artır, məhkəmə proseslərində tərəflər bir-birini psixoloji problemlərinin olması ilə ittiham edir: “Məhz bu problemlərin qarşısının alınması, sağlam ailələrin qurulması üçün psixoloji testin keçirilməsi vacibdir. Eyni zamanda, Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı şöbələrində nikahdan əvvəl, məhkəmələrdə isə proses zamanı psixoloji xidmət göstərilməsi vacibdir. Bu insanların maariflənməsinə və düzgün qərar qəbul etməsinə yardım edəcək. Mediator məhkəmələrinin yaradılması çox yaxşı təcrübədir. Lakin onların sayı artmalıdır. Eyni zamanda, bu gün vacib məsələlərdən biri də hakim və vəkillərin ixtisaslaşdırılmasıdır. Xüsusilə ailə münaqişələri, birinci instansiya məhkəmələrində, mülki işlərlə bağlı məhkəmələrdə ixtisaslaşmış mütəxəssislərə ehtiyac var. Bu həm insan hüquqlarının qorunması, həm də qəbul olunmuş qərarlara istinad sahəsində çox müsbət nəticə verə bilər”.

Hicran Hüseynova bildirib ki, polis orqanlarında qadın işçilərin sayı artmalı, xüsusən də Bakıdan uzaq ərazilərdə, rayonlarda, kəndlərdə polis qadınlar işləməlidir: “Bu, çox vacib məsələdir. Çox vaxt qadın kişi polisə müraciət etməyə utanır. Bütün çətinliklərə baxmayaraq, ailədə baş verən problemləri kişi polisə demirlər. Bu isə həmin ailələrdə münasibətləri daha da gərginləşdirir və cinayətin baş verməsi ilə nəticələnir”.