“Hazırda anlaşma yolu görünmür. İndi proses dalan vəziyyətindədir. Çünki artıq Minsk formatı da arxada qaldı, ona da bir zərbə vuruldu. Minsk anlaşması çərçivəsində Ukrayna sərhədləri daxilində Donbasa xüsusi status verilməliydi. Danışıqlar indiyədək heç bir nəticə verməyibsə, bundan sonra heç bir nəticə verə bilməz. Münasibətlər olduqca gərginləşəcək. Düşünürəm ki, hətta diplomatik əlaqələr də qırıla bilər. Artıq Ukrayna Rusiyadakı səfirini geri çağırıb. Bu da diplomatik əlaqələrin qırılmasının işartısıdır”.

Sabiq diplomat, politoloq Fikrət Sadıqovun Teleqraf.com-a müsahibəsini təqdim edirik.

- Rusiya Ukraynanın işğal edilmiş bölgələrindəki separatçıların müstəqilliyini tanıdı. Artıq buna cavab olaraq, ABŞ və Avropa rəsmilərinin rusiyalı həmkarları ilə görüşləri təxirə salınır, üstəgəl, ağır cavabların veriləcəyi bildirilir. Atılan addımlar Rusiyaya nə vəd edir?

- Bu, yeni bir şey deyil. Sanksiyalar bundan əvvəl də tətbiq olunub, hələ də həyata keçirilir. Artıq ABŞ Prezidenti Bayden yeni sanksiyaları da elan edib. Rusiya Dövlət Dumasının bütün deputatlarını, bir sıra rəsmi şəxslər və nazirləri, banklar və şirkətləri əhatə edən sanksiyalar tətbiq olunacaq və olunur. Əlbəttə, bunlar Rusiya üçün yaxşı heç nə vəd etmir. Bu, Rusiyanın maliyyə sektoru və iqtisadiyyatına zərbədir. Mənə elə gəlir ki, bu durumdan çıxmaq üçün diplomatik yollar axtarılmalıdır.

- Bəs atılacaq yeni addımlar Rusiya daxilində hansı gəlişmələrə yol aça bilər? Məsələn, bunun Putinə qarşı olan etiraz mühitini genişləndirməsi mümkündürmü?

- İş orasındadır ki, paradoksal bir vəziyyət yaranıb. ABŞ, Avropa və NATO dövlətləri Putini qəbul etməsələr də, amma Rusiya daxilində onu dəstəkləyirlər. Qənaətimə görə, daxildə belə bir dəstək görməsəydi, Putin bu addımı ata bilməzdi. Daxili dəstək onu bu kimi addımlar atmağa vadar edir. Yəni bu ona əsas verir. Düşünmürəm ki, daxildə Putinə qarşı genişmiqyaslı çıxışlar olacaq. Onu da qeyd edək ki, Navalnı kimi fiqurlar həbsdədir. Etirazçı elektoratın elə bir lideri də yoxdur ki, Rusiya hakimiyyətinə qarşı genişmiqyaslı üsyan qaldırsın.

- Rusiyanın separatçıları tanıması Ukraynaya daha irimiqyaslı hücumun başlanğıcıdırmı? Çünki rus ordusunun paytaxt Kiyevə hücuma keçəcəyi iddiası gündəmdədir. Bu iddianı da amerikalı rəsmilərlə yanaşı, İngiltərə Baş naziri Boris Conson da dilə gətirib.

- Rusiya və Ukrayna arasında genişmiqyaslı müharibənin başlayacağına inanmıram. Lokal xarakter ala bilər. Ona da inanmıram ki, rus qoşunları Kiyevi zəbt edəcək. Hətta bunu Ukrayna Prezidenti Zelenski də öz çıxışında bildirmişdi. Zelenski demişdi ki, baş verənlər bütün Ukraynanı işğal etmək məqsədi daşımır, rusların əsas hədəfi Donetsk və Luqansk vilayətləridir. Bunu heç Moskvanın özü də gizlətmirdi, dəfələrlə vurğulayıb ki, orada rus sakinləri yaşayır, onlar Rusiya vətəndaşlığını qəbul ediblər və biz onları müdafiə edəcəyik. Bu da qarşıdurmanın nəticəsidir.

İndi əsas söhbət onların tanınmasından gedir. Faktiki olaraq, Donetsk və Luqanskı rəsmi şəkildə bir “dövlət qurumu” kimi tanıdılar. Təbii ki, bu, Kiyevə bir təhlükədir. Krımın Rusiyaya birləşdirilməsindən sonra belə bir addımın atılması təkcə Kiyev üçün yox, digər bölgələr üçün də müəyyən təhlükələr yarada bilər. Mən Xarkov, Odessa və digər bir sıra bölgələri nəzərdə tuturam. Həmin ərazilər də hədəfə götürülə bilər.

- Zelenski isə Rusiya ilə savaşa girməyəcəklərini bəyan edib. Belə olan təqdirdə, Ukrayna Rusiya ilə anlaşmaq üçün hansı yolu seçə bilər?

- Hazırda anlaşma yolu görünmür. İndi proses dalan vəziyyətindədir. Çünki artıq Minsk formatı da arxada qaldı, ona da bir zərbə vuruldu. Minsk anlaşması çərçivəsində Ukrayna sərhədləri daxilində Donbasa xüsusi status verilməliydi. Danışıqlar indiyədək heç bir nəticə verməyibsə, bundan sonra heç bir nəticə verə bilməz. Münasibətlər olduqca gərginləşəcək. Düşünürəm ki, hətta diplomatik əlaqələr də qırıla bilər. Artıq Ukrayna Rusiyadakı səfirini geri çağırıb. Bu da diplomatik əlaqələrin qırılmasının işartısıdır.

- Rusiya və Azərbaycan arasında müttəfiqlik əməkdaşlığı haqqında bəyannamə imzalandı. Bu, Azərbaycana nə vəd edir, ümumiyyətlə, belə bir sənəd niyə imzalandı?

- Onsuz da Rusiya ilə münasibətlərimiz strateji tərəfdaşlıq səviyyəsində idi. Biz bunu həmişə həm rəsmi, həm də qeyri-rəsmi səviyyədə deyirdik. İki ölkə arasındakı bir sıra çətinliklərə, problemlərə və narazılıqlara baxmayaraq, münasibətlər strateji tərəfdaşlıq xarakteri daşıyır. İndi bu münasibətlər bu bəyannamə ilə təsdiq olundu

Azərbaycan Vətən Müharibəsindən sonra Cənubi Qafqazda yeni geosiyasi reallıq yaratdı. Biz onu da yaxşı başa düşürük ki, burada əsas oyunçular Türkiyə və Rusiyadır. Biz Türkiyə ilə Şuşa Bəyannaməsini imzalamışıq. Türkiyə bizim müttəfiqimiz və qardaşımızdır. Amma biz onu da anlayırıq ki, Rusiyanın da buradakı rolu kifayət qədər böyükdür. Mən xüsusilə Rusiyanın Ermənistanla münasibətlərini nəzərdə tuturam. Bu kontekstdə bu münasibətlərin təsbit olunmasında bu bəyannamə aparıcı rol oynaya bilər. Düşünürəm ki, ikitərəfli münasibətlərin inkişafı bundan sonra yeni səviyyəyə qalxacaq.

- Azərbaycan Prezidenti İlham Əliyev Əliyev Putinlə görüşdən sonra bildirdi ki, Ermənistanın 10 noyabr bəyanatının bütün erməni silahlı qüvvələrinin Azərbaycan ərazisindən çıxarılması bəndini yerinə yetirəcəyini gözləyir. Sizcə, Rusiya ilə imzalanmış son bəyannamənin müvafiq bəndlərinə uyğun olaraq, Ermənistan Moskva tərəfindən belə bir addıma sövq ediləcəkmi?

- Dövlət başçısı bəyannamənin imzalanmasından sonra çox incə şəkildə bu fikri söylədi. Yəni Moskva başa düşsün ki, ermənilərin hərbi dəstələri hələ də bizim torpaqlarımızdadır, onlar buna qarşı sağlam düşüncəli addımlar atsınlar. Başa düşsünlər ki, biz Rusiya ilə bu bəyannaməni imzalamışıqsa və müttəfiqiksə, Moskva onlara təzyiq göstərməlidir. Yəni Rusiya onların həyasız hərəkətlərini dayandırmalıdır. Əslində, bu, yerinə düşən açıqlama idi. Düşünürəm ki, Moskvada bizi eşitdilər.