BAKI, 10 iyun. TELEQRAF
"Rusiya və Türkiyə mövcud problemləri effektiv şəkildə həll etməyə imkan verən müntəzəm dialoq aparır. Ölkə liderləri Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan arasında müntəzəm təmaslar unikal rol oynayır".
Teleqraf xəbər verir ki, bunu bunu Rusiyanın Türkiyədəki səfiri Sergey Verşinin "Rusiya Günü" münasibətilə keçirilən rəsmi qəbulda bildirib.
“Bu gün Rusiya-Türkiyə əməkdaşlığı enerji və ticarətdən tutmuş turizm, mədəniyyət, təhsil və humanitar mübadilələrə qədər demək olar ki, bütün əsas sahələri əhatə edir. Mütəmadi siyasi dialoq davam etdirilir ki, bu da bizə ikitərəfli və beynəlxalq məsələləri effektiv şəkildə həll etməyə imkan verir. Ölkələrimizin liderləri arasında müntəzəm təmaslar bu baxımdan unikal rol oynayır" - deyə, səfir qeyd edib.
O bildirib ki, Rusiya üçün Türkiyə Respublikası ilə münasibətlər xüsusi əhəmiyyət kəsb edir: "Rusiya və Türkiyə qonşu dövlətlər, vacib tərəfdaşlardır. Bizi zəngin tarixi, iqtisadi və humanitar əlaqələr birləşdirir. Mürəkkəb beynəlxalq mühitə baxmayaraq, Rusiya genişmiqyaslı layihələr həyata keçirməyə, infrastrukturu təkmilləşdirməyə, sənayeni, elmi və təhsili gücləndirməyə davam edir və mütərəqqi inkişafı təmin edir".
Türkiyə xarici işlər nazirinin müavini Musa Kulaklıkaya da öz növbəsində qeyd edib ki, Türkiyə və Rusiya dərin köklərə malik bir tarixə, güclü milli ənənələrə və diplomatik təcrübəyə malikdir: "Ölkələrimiz regionumuzun sabitliyi və gələcəyi üçün xüsusi əhəmiyyət kəsb edir. Əsrlər boyu davam edən münasibətlərimiz zaman və şəraiti aşaraq qarşılıqlı hörmət və ortaq maraqlar əsasında inkişaf etməyə davam edir. Prezidentlərimizin rəhbərliyi altında Türkiyə-Rusiya münasibətlərindəki bu müsbət dinamikanı qarşıdakı dövrdə daha da gücləndirmək üçün səylərimizi davam etdiririk".