BAKI, 8 iyun. TELEQRAF
“Gözlənildiyi kimi, Ermənistanda iyunun 7-də keçirilən parlament seçkilərində baş nazir Nikol Paşinyanın rəhbərlik etdiyi “Mülki Müqavilə” partiyası qələbə qazandı. Əslində, bu seçim erməni xalqının gələcəyə baxışı kimi dəyərləndirilə bilər. Çünki seçki ərəfəsində Ermənistanın qarşısında iki yol var idi. Bunlardan birincisi regionda yeni reallıqlarla hesablaşmaq, ikincisi isə revanşizmə qayıtmaqla qarşıdurma yolunu seçmək. Ümid edək ki, Ermənistan bundan sonra da sülh prosesinə sadiq qalacaq”.
Teleqraf xəbər verir ki, bunu Milli Məclisin deputatı Samir Vəliyev deyib.
Deputat bildirib ki, seçki ərəfəsində Ermənistan cəmiyyəti ciddi qarşıdurma vəziyyətində idi. Çünki bu ölkədə uzun illərdir davam edən siyasi parçalanma, Qarabağ müharibəsindən sonra yaranmış böhran və xarici güclərin təsiri bu prosesi daha da dərinləşdirən əsas amillər hesab olunurdu. Seçki kampaniyası zamanı əsas mübarizə hakim partiyaya rəhbərlik edən Nikol Paşinyan, “Güclü Ermənistan” partiyasının rəhbəri Samvel Karapetyan və “Ermənistan” partiyasının başçısı Robert Köçəryanın başçılıq etdiyi siyasi təşkilatlar arasında aparıldı. Paşinyanın hər iki rəqibi revanşist qüvvələrin və daha çox Rusiya meyilli siyasi təmayülün təmsilçiləri sayılırdılar. Nikol Paşinyan son bir neçə ildə ölkəsini Rusiya orbitindən uzaqlaşdıraraq Qərbə inteqrasiya yolunu seçib. Paralel olaraq, regional münasibətlər sisteminə baxış fərqlidir - Paşinyan ötən ilin avqustunda Vaşinqtonda sülh sazişinin paraflanması sənədinə imza atıb, Konstitusiya dəyişikliyini və Azərbaycan torpaqlarına əsassız iddialardan əl çəkmək yolunu seçib, ölkəsinin yeni iqtisadi nizamda logistik iştirakını təsdiqləyib. Əlbəttə, bu mövqeni Paşinyan öz xoşu ilə seçmədi. 2020-ci ildən sonra Paşinyan hakimiyyəti xarici havadarlarının dəstəyinə ümid edərək Cənubi Qafqazda gərginlik mühitini saxlamağa çalışsa da, Azərbaycanın gücü qarşısında geri çəkilməli və dövlətimizin şərtlərini qəbul etməli oldu.
Millət vəkilinin fikrincə, əgər revanşistlər seçkilərdə qələbə qazansaydılar, regionda gərginlik yenidən yarana bilərdi: “Revanşistlər və ya Rusiyameyilli siyasi qüvvələr kimi tanınan müxalifət seçki kampaniyasında daha çox populist çıxışlar səsləndirirdilər. Əgər onlar hakimiyyətə gəlsəydi, Qarabağ mövzusunu yenidən gündəmə gətirə və ya yenidən işğalçı müharibəyə başlaya bilərdilərmi? Əlbəttə, yox. Çünki indi 1992-93-cü illər deyil. Artıq Azərbaycan nəinki regionun lideri, hətta dünyada söz sahibi olan dövlət kimi Cənubi Qafqazda yeni reallıqlar yaradıb. Bu reallıqları pozmaq cəhdi Ermənistana baha başa gələ bilər. Ona görə də, revanşistlərin mövqeyi populizmdən başqa bir şey deyildi”.
Samir Vəliyev qeyd edib ki, artıq erməni xalqının əksəriyyəti işğalçı müharibənin və siyasətin onlar üçün nə qədər böyük fəlakətlər gətirdiyini anlayır. Ona görə də, sülh siyasətini davam etdirmək istəyən hakim partiyaya səs verdi. “Nikol Paşinyan Azərbaycanla münasibətlərin normallaşmasını, konstitusiyanın dəyişikliklərini, sülh müqaviləsinin imzalanmasını proiritet elan edib. Son 7-8 ayda Ermənistan üçün mühüm yeniliklər baş verib - Azərbaycan Ermənistana yük daşınması ilə bağlı embarqosunu aradan qaldırıb, neft məhsullarının ixracına başlayıb. Bu isə Ermənistanda sosial həyatın yaxşılaşmasına təkan verir. Zəngəzur dəhlizi (TRIPP) layihəsi isə Ermənistanı iqtisadi çətinliklərdən çıxara bilər. Əgər mövcud hakimiyyət sülh prosesinə sadiq qalsa, konstitusiya dəyişiklikləri ilə bağlı Azərbaycanın şərtlərinə əməl etsə, o zaman sülh müqüaviləsi imzalanacaq. Ermənistan anlamalıdır ki, onun gələcəyi Azərbaycan və Türkiyə ilə əməkdaşlıqdan keçir. Əks halda, bu ölkənin heç bir perspektivi yoxdur”,-deyə Samir Vəliyev vurğulayıb.