“Bu dəqiqə Amerika ilə Rusiya arasında qarşıdurma genişlənir. Vaşinqton Əfqanıstandan ordusunu çıxarmaqla əslində bu məsələni başqa müstəviyə keçirməyə çalışır. Yəni Talibana dostluq əlini uzatmaqla həm də onu aktivləşdirir. Kimə qarşı aktivləşdirir? Sözsüz ki, Çinə və Rusiyaya qarşı”.

Bu fikirləri Teleqraf.com-a politoloq Rüstəm Məmmədov Əfqanıstanda yaşanan hadisələri beynəlxalq rəqabət konkteksində şərh edərkən bildirib.

O bildirib ki, Rusiya hazırda öz problemləri haqqında düşünür: “Məncə, onun yadına nə Taliban, nə də Əfqanıstan düşür. Ruslar çalışırlar ki, Taliban Orta Asiyaya daxil olmasın, Əfqanıstan sərhədləri daxilində nə istəyirlərsə onu da etsinlər. İndiki halda bu məsələnin daha çox ABŞ və Çinə aidiyyəti var”.

Rüstəm Məmmədova görə, Çin bilir ki, ABŞ bu addımı ilə əslində Pekini hansısa addımlara təhrik edir: “Burada söhbət təkcə təhrikdən getmir, eyni zamanda təhdiddən də gedir. Mən hesab edirəm ki, bu təhdidin qarşısını almaq üçün Çin də növbəti addımlar atmalı olacaq. Əslində Çin problemi çoxdan beynəlxalq və ABŞ gündəmindədir. Məncə, Çin buna qarşı koronavirusu fikirləşib ortaya çıxardı. Ancaq bu da Çini Qərbin güdazına getməkdən xilas etmədi”.