Ağdam şəhərində hazırda 3000-dən çox ailə yaşayır. Gələn ilin birinci yarısında şəhər əhalisinin daha 10 min nəfər artacağı proqnozlaşdırılır.

Teleqraf-ın Qarabağ bürosunun xəbərinə görə, bunu Ağdam, Xocavənd və Füzuli rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov Ağdam Şəhəri Günü münasibətilə keçirilən tədbirlər çərçivəsində jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, hazırda ümumilikdə Ağdam rayonu ərazisində 8300 nəfər yaşayır: "Halbuki bir il əvvəl bu göstərici 500 nəfəri belə keçmirdi".

Emin Hüseynov qeyd edib ki, rayonda üç kəndin bərpası başa çatıb və sakinlər doğma yurdlarında məskunlaşıblar. Daha iki kənddə bərpa işləri yekunlaşmaq üzrədir. Gələn ilin ilk aylarında həmin kəndlərə köçün başlanması nəzərdə tutulur.

Xüsusi nümayəndə Ağdam Şəhəri Gününün ilk dəfə qeyd olunmasını tarixi və əlamətdar hadisə adlandırıb. Bildirib ki, tədbirə uzun müddətdir hazırlıq görülüb və silsilə tədbirlərdə müxtəlif dövlət qurumları, şəhər sakinləri və çoxsaylı qonaqlar iştirak edirlər.

E.Hüseynov vurğulayıb ki, Ağdamın bugünkü mənzərəsi Böyük Qayıdış prosesinin sürətlə davam etdiyini göstərir. O, bu tarixi günün yaşanmasında əməyi olan şəhidlərin xatirəsini ehtiramla yad edib, qazilərə cansağlığı arzulayıb, Azərbaycan Ordusuna və Müzəffər Ali Baş Komandana təşəkkürünü bildirib.