BAKI, 2 noyabr. TELEQRAF

Cənubi Amerikanın Surinam dövlətinin sabiq vitse-prezidenti Ronni Brunsveyk 65 yaşında ölkənin yüksək liqasında qol vurub.

Teleqraf xəbər verir ki, “İnter Moengotapoe” klubunun sahibi olan Brunsveyk komandasının heyətinə özünü daxil edərək “Politie Voetbal Vrienden”lə qarşılaşmada meydana çıxıb.

Görüş onun klubunun 5:0 hesablı qələbəsilə başa çatıb.

İkinci hissədə “İnter Moengotapoe” penaltı qazanıb. Komandanın hesabda 4:0 öndə olmasına baxmayaraq, zərbəni yerinə yetirmək üçün topa Brunsveyk yaxınlaşıb. 65 yaşlı veteran penaltini dəqiq yerinə yetirərək Surinam Major Liqasında ilk qolunu vurub.

Qeyd edək ki, Brunsveyk 2020-2025-ci illərdə Surinamın vitse-prezidenti olub. O, 1999-cu ildə Niderland məhkəməsi tərəfindən narkotik qaçaqmalçılığına görə qiyabi olaraq 8 il həbs cəzasına məhkum edilib.

Sabiq vitse-prezident 2021-ci ildə 60 yaşında KONKAKAF Liqasında Hondurasın “CD Olimpia” klubuna qarşı da meydana çıxıb. Həmin görüşdə komandası 0:6 hesabı ilə uduzub. Matçdan sonra Brunsveykin rəqib komandanın paltardəyişmə otağında futbolçulara pul payladığını göstərən görüntülər yayılıb. Nəticədə hər iki klub turnirdən kənarlaşdırılıb, Brunsveyk isə üç il müddətinə futboldan uzaqlaşdırılıb.