BAKI, 28 oktyabr. TELEQRAF

Bu gün Azərbaycan İslam Əməkdaşlıq Təşkilatı (İƏT), eləcə də İCESCO ilə çox sıx və ardıcıl əməkdaşlığa malikdir.

Bunu Teleqraf-a açıqlamasında deputat Ceyhun Məmmədov deyib.

O qeyd edib ki, rəsmi Bakının atdığı strateji addımlar İslam dünyasında birliyin möhkəmlənməsinə xidmət edir:

"Azərbaycanın beynəlxalq platformalardakı fəallığı və xüsusilə Leyla Əliyevanın rəhbərliyi ilə həyata keçirilən layihələr dövlətçilik maraqlarımız baxımından xüsusi əhəmiyyət daşıyır. Bu istiqamətdə ardıcıl fəaliyyətin davam etdirilməsi çox vacib və təqdirəlayiqdir.

Azərbaycan bu uğurlu siyasət nəticəsində nailiyyətlərini günü-gündən artırır. Ölkəmiz müsəlman dünyasındakı proseslərə heç vaxt biganə qalmır. Biz hər zaman müsəlman ölkələrinin yanındayıq, onlara dəstək veririk, İslam həmrəyliyinin möhkəmlənməsi üçün davamlı səylər göstəririk".

Onun sözlərinə görə, coğrafi mövqeyindən uğurla yararlanan Azərbaycan artıq sadəcə regional güc deyil, həm də sivilizasiyalararası intellektual körpüdür. BMT-nin Sivilizasiyalar Alyansı kimi nüfuzlu təşkilatlarla birgə qurulan bu platformalar qlobal problemlərin müzakirə mərkəzinə çevrilib. Ölkədəki etnik və dini dözümlülük isə süni bir layihə deyil, Konstitusiya ilə qorunan real yaşam tərzidir.

"Bu daxili sabitliyin və Azərbaycançılıq ideologiyasının ən böyük tarixi sınağı isə İkinci Qarabağ müharibəsi zamanı yaşandı. Ölkədə yaşayan bütün xalqlar və dinlərin nümayəndələri etnik mənsubiyyətindən asılı olmayaraq, ərazi bütövlüyünün bərpası üçün qətiyyət rəmzi olan “Dəmir yumruq” ətrafında bir ailə kimi birləşdi.

Əsrlər boyu müstəqillikdən məhrum qalsa da, milli kimliyini və ruhunu qoruyan azərbaycanlılar 35 illik müstəqillik dövründə sıfırdan qüdrətli bir dövlət qurmağı bacardı. Beynəlxalq güc mərkəzlərinin münaqişəni dondurmaq cəhdləri xalqımızın iradəsini qıra bilmədi.

Nəticədə, Azərbaycan BMT Nizamnaməsinin 51-ci maddəsinə əsaslanaraq qanuni özünümüdafiə hüququndan istifadə etdi və beynəlxalq hüququ öz gücü ilə bərpa edərək tarixi ədalətsizliyə son qoydu. Keçirilən mötəbər forumda cənab Prezident İlham Əliyevin çıxışı da bir daha təsdiqlədi ki, Azərbaycan həm mədəni dialoqa açıq olan fəal qlobal oyunçudur, həm də öz suverenliyini qorumağa qadir olan əzmkar bir dövlətdir.

Müsəlman ölkəsi kimi Azərbaycan bu gün İslam dünyasında böyük bir nüfuza və hörmətə malikdir. Ölkəmizin həyata keçirdiyi bu ardıcıl, məqsədyönlü xətt digər müsəlman dövlətləri tərəfindən hər zaman rəğbətlə qarşılanır və öz real rolunu göstərir. Bu uğurlu model təkcə İslam aləmində deyil, bütövlükdə beynəlxalq müstəvidə də yüksək qiymətləndirilir".