BAKI, 9 oktyabr. TELEQRAF
“Müasir informasiya mühitində gənclərin rəqəmsal savadlılığı və milli dəyərlər” mövzusunda müzakirə aparılıb.
Teleqraf xəbər verir ki, “Gənc nəslin milli-mənəvi dəyərlər ruhunda tərbiyəsi” mövzusunda baş tutan konfransda baş tutan panelə Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin dekanı, Mətbuat Şurası sədrinin müavini Vüqar Zifəroğlu modoratorluq edib.
Vüqar Zifəroğlu bildirib ki, müəyyən həyat təcrübəsi olan insanlar virtual dünyada informasiyanın doğruluğunu qiymətləndirməyi bacarsalar da, uşaqlar və gənclər informasiya təsirlərinə qarşı həssasdırlar:
“Bizim fakültənin təxminən 700 tələbəsi var və “Z nəsli”nin texnologiya ilə münasibətini müşahidə edə bilirik. Elə gənclər var ki, onlar evdə valideynləri ilə deyil, süni intellektlə məsləhətləşirlər”.
Dekan milli-mənəvi dəyərlərin qorunmasının və gələcək nəsillərə ötürülməsinin vacibliyini vurğulayıb:
“Bu istiqamətdə zərurət yarandıqda fəal mövqe nümayiş etdirmək vacibdir”.
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Kommunikasiya şöbəsinin müdiri Ülviyyə Qarayeva isə sosial media, rəqəmsal platformalar və süni intellekt alətlərinin insan tərəfindən yaradıldığını vurğulayıb. Onun fikrincə, bu vasitələrin sui-istifadəsi dezinformasiyanın yayılmasına səbəb olur, milli dəyərlərlə əlaqəni zəiflədir:
“Ona görə, rəqəmsal platformalardan düzgün istifadə və milli dəyərlərin təşviqində əl-ələ verilməliyik. Vətəndaş cəmiyyətinin nümayəndələri də bu işdə xüsusi rol oynayırlar”.
Ü.Qarayeva söyləyib ki, son altı ildə Agentlik tərəfindən dəstəklənən 2499 QHT layihəsinin 135-i rəqəmsal savadlılığa yönəlib:
“689 layihə isə milli və mənəvi dəyərlərə həsr olunub. Bu təşəbbüslərin bir hissəsi olaraq görüşlər, dəyirmi masalar, konfranslar və təlimlər keçirilib, videolar hazırlanıb, kitablar nəşr olunaraq geniş ictimaiyyətə təqdim edilib”.
Azərbaycan İlahiyyat İnstitutunun dekan müavini, sosiologiya üzrə fəlsəfə doktoru Asəf Qənbərovun sözlərinə görə gənclərin ailədə, məktəbdə rəqəmsal savadlılığına xüsusi önəm verilməlidir:
“Bununla bağlı uşaqlara xüsusi tapşırıqlar verilə bilər ki, bu da onların inkişafına, sonrakı dövrdə isə rəqəmsal kirlilikdən qorunmasına imkan yaradar”.
Eyni zamanda, A.Qənbərov deyib ki, gənclərin maraq dairəsi ilə bağlı konkret informasiyalara sahib olmalıyıq:
“Burada məlumatın əldə edilməsi və emalı olduqca vacibdir.
Çünki gənclərin sosial şəbəkələrdə qarşılaşdıqları informasiyaların yoxlanılması kimi bir yanaşması olmalıdır.
Beləliklə gənclər rəqəmsal savadlılığın artırılması istiqamətində mühüm irəliləyişlər əldə olunar. Burada sözsüz ki, milli dəyərlərə olan münasibət də olduqca önəmlidir”.
Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktorunun müavini Ceyhun Əliyev isə qeyd edib ki, virtual məkanda milli kimliyin qorunması olduqca vacibdir:
“Burada Azərbaycan gənlərinin rəqəmsal davranış mədəniyyəti formalaşmalıdır. İndi maraqla dəyişib. Çünki gənclər real məkanda iştirak etmir. Onlar daha çox virtual məkanda yer alır. Bir çox hallarda gənclər öz yaxınları ilə ünsiyyətdən yayınır. Məhz bunun fonunda milli kimlik artıq fundamental dəyərlərə əsaslanmır, bu həmçinin müasir yanaşmaları özündə ehtiva edir”.
C. Əliyevin fikrincə artıq sosial media hesablarında edilən paylaşımların mahiyyəti dəyişib:
“Bir çox hallarda burada sahib olduğumuz dəyərlər kobud şəkildə pozulur. Ona görə milli kimliyi qorumaq yox, onu yaşatmaq kimi bir missiyanı yerinə yetirməliyik. Virtual məkanda özümüzü ifadə etmək bu baxımdan böyük əhəmiyyət kəsb edir”.
Çıxışlardan sonra panel müzakirə və sual-cavabla davam edib.