BAKI, 9 oktyabr. TELEQRAF

Energetika naziri Pərviz Şahbazovla Asiya İnfrastruktur İnvestisiya Bankı (AIIB) və İnkişafın Maliyyələşdirilməsi üzrə Çoxtərəfli Əməkdaşlıq Mərkəzinin (MCDF) nümayəndə heyəti arasında keçirilən onlayn görüş zamanı ümumi dəyəri 1,1 milyon dollar olan qrant sazişləri imzalanıb.

Bu barədə Teleqraf-a Energetika Nazirliyindən məlumat verilib.

Bildirilib ki, görüşdə Bankın “Mərkəzi Asiya-Azərbaycan Yaşıl Enerji Dəhlizi” layihəsinin texniki-iqtisadi əsaslandırılmasına göstərdiyi dəstək, eləcə də əməkdaşlığın dənizdə külək enerjisi potensialından istifadə istiqamətində genişləndirilməsi yüksək qiymətləndirilib.

Azərbaycan Hökuməti ilə İnkişafın Maliyyələşdirilməsi üzrə Çoxtərəfli Əməkdaşlıq Mərkəzinin (MCDF) Maliyyə Mexanizminin İcraçı Tərəfdaşı qismində Asiya İnfrastruktur İnvestisiya Bankı arasında “Azərbaycanda irimiqyaslı dənizdə külək elektrik stansiyasını dəstəkləyən sahil infrastrukturu üzrə layihə konsepsiyası” və “Xəzər Yaşıl Enerji Dəhlizi layihəsinin hazırlanması” üzrə qrant sazişləri imzalanıb. Sənədləri Azərbaycan adından energetika naziri Pərviz Şahbazov, Asiya İnfrastruktur İnvestisiya Bankı tərəfindən isə AIIB-in dövlət sektoru (2-ci region), layihə və korporativ maliyyə (qlobal) müştəriləri üzrə baş investisiya direktoru Konstantin Limitovski imzalayıb.

Qrant sazişləri “Xəzər Yaşıl Enerji Dəhlizi layihəsinin hazırlanması”na 1 milyon ABŞ dolları və irimiqyaslı dəniz külək elektrik stansiyalarını dəstəkləyən sahil infrastrukturu üzrə layihənin konseptual tədqiqatının hazırlanmasına isə 100 min ABŞ dolları məbləğində maliyyə dəstəyinin göstərilməsini nəzərdə tutur.