TƏRTƏR, 29 avqust. TELEQRAF
Tərtər rayonunda beton kanala düşərək boğulan 63 yaşlı Ağa Məmmədovla bağlı hadisənin təfərrüatı məlum olub.
Teleqraf-ın Qarabağ bürosunun məlumatına görə, rayonun Cəmilli kənd sakini Ağa Yapon oğlu Məmmədov Soqovuşandan gələn beton kanaldan su götürmək istəyərkən ehtiyatsızlıqdan suya düşüb.
Hadisədən bir neçə saat sonra onun meyiti düşdüyü yerdən bir neçə kilometr aralıda - kanalın Borsunlu kəndi ərazisindən keçən hissəsində, suyun istiqamətinin tənzimlənməsi üçün nəzərdə tutulan suötürücü qapıların yaxınlığında sakinlər tərəfindən aşkarlanıb.
Yaxınlarının bildirdiyinə görə, Ağa Məmmədov vaxtaşırı gənc yaşda vəfat edən gəlininin məzarını ziyarət edib.
Bildirilir ki, o, hadisə günü də məzarlığa gedib və məzarın ətrafındakı yaşıllığı sulamaq üçün kanaldan su götürmək istəyib.
Lakin bu zaman ehtiyatsızlıqdan suya düşüb və boğulub.
Faktla bağlı araşdırma aparılır.
***
07:58
Tərtər rayonunda 65 yaşlı kişi beton kanala düşərək boğulub.
Teleqraf-ın Qarabağ bürosunun xəbərinə görə, hadisə rayonun Cəmilli kəndində baş verib.
Kənd sakini, 1963-cü il təvəllüdlü Məmmədov Ağa Yapon oğlu kənd ərazisindən keçən beton kanaldan su götürərkən kanala düşüb.
Onun meyiti düşdüyü yerdən xeyli aralıda aşkarlanıb. Meyit sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.