SAMUX, 15 iyul. TELEQRAF
Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Gəncə-Daşkəsən regional bölməsi Samuxda həm evdə, həm də un sexində araşdırmalara başlayıb.
Teleqraf-ın Qərb bürosu xəbər verir ki, bu, son bir neçə gün ərzində şəhər və rayonda üçüncü kütləvi qida zəhərlənməsi hadisəsidir.
Ötən şənbə günü və dünən Gəncə şəhərində yas yerində kütləvi zəhərlənmələr baş vermişdi. Hər üç qida zəhərlənməsinin eyni səbəbdən qaynaqlandığı istisna edilmir.
Faktla bağlı araşdırma aparılır.
***
17:45
İyulun 15-də saat 15:30 radələrindən etibarən 7-si azyaşlı olmaqla 10 nəfər (4 kişi, 6 qadın) zəhərlənmə şübhəsi ilə Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdindəki Abbas Səhhət adına xəstəxananın Yoluxucu xəstəliklər şöbəsinə hospitalizasiya olunub.
Bu barədə Teleqraf-ın sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib.
Bildirilib ki, pasiyentlərin hər birinə zəruri tibbi xidmətlər göstərilib.
"Hazırda müalicələri davam etdirilir və vəziyyətləri orta ağır qiymətləndirilir", - məlumatda deyilir.
***
17:39
Samuxda halvadan zəhərlənən şəxslərin kimliyi məlum olub.
Teleqraf-ın Qərb bürosu xəbər verir ki, həmin şəxslər aşağıdakılardır:
Əliyeva Aysel Rəşid qızı (1998)
Əliyeva Dəniz Cəmil qızı (2018)
Əliyev Rza Cəmil oğlu (2019)
Əliyev Cəmil Mehdi oğlu (1994)
Əliyeva Zümrüd Cəmil (2017)
Məmmədov Arif Cahangir oğlu (2011)
Verdiyeva Afət Adəm qızı (2020)
Verdiyeva Bəsti Hidayət (1995)
Verdiyeva Gülay Adəm qızı (2018)
Verdiyeva Ümid Adəm oğlu (2023)
Gülxar Məmmədova
Fatma Məmmədzadə
***
17:20
Samux rayonunda kütləvi zəhərlənmə hadisəsi baş verib.
Teleqraf-ın Qərb bürosu xəbər verir ki, hadisə rayonun Alıuşağı kəndində qeydə alınıb.
10-dan artıq şəxs qidadan zəhərlənmə diaqnozu ilə Gəncə Birləşmiş Xəstəxanasının nəzdində fəaliyyət göstərən Abbas Səhhət adına Xəstəxananın Yoluxucu xəstəliklər şöbəsinə yerləşdirilib.
İlkin məlumata görə, kənd sakinlərindən biri halva bişirib və qonşulara paylayıb, həmin evin sakinləri və təamdan dadan qonşular özlərini pis hiss etdikləri üçün xəstəxanaya müraciət ediblər.
Faktla bağlı araşdırma aparılır.