XOCAVƏND, 7 iyul. TELEQRAF

Xocavənd şəhərinə qayıdan 41 ailəyə mənzillərinin açarları təqdim olunub.

Teleqraf-ın Qarabağ bürosu verir ki, təqdimat mərasimindən əvvəl Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşları qayıdan sakinlərə mina və partlamamış hərbi sursatların yaratdığı təhlükələr barədə ətraflı məlumat veriblər.

Maarifləndirmə tədbiri zamanı ailələrə tanımadıqları naməlum əşya və cisimlərdən uzaq durmaları, belə hallarla qarşılaşdıqları təqdirdə isə aidiyyəti qurumlara dərhal məlumat vermələri tövsiyə olunub.

Təhlükəsizlik qaydaları ilə bağlı keçirilən təlimdən sonra Xocavənd şəhərinə köç edən 41 ailəyə mənzillərinin açarları rəsmən təhvil verilib.

***

12:55

Növbəti köç karvanı Xocavənd şəhərinə çatıb.

Teleqraf-ın Qarabağ bürosunun xəbərinə görə, bu gün Xocavənd şəhərinə 41 ailənin (163 nəfər) daimi qayıdışı təmin edilib.

Daha sonra mənzil başına çatan ailələrə mənzillərin açarları təqdim ediləcək.

***

11:36

Bu gün növbəti köç karvanı ilə Xocavənd şəhərinə 41 ailə, ümumilikdə 163 nəfər yola salınıb.

Teleqraf-ın Qarabağ bürosunun xəbərinə görə, köçürülən ailələr indiyədək respublikanın müxtəlif bölgələrində, əsasən yataqxanalarda, sanatoriyalarda və inzibati binalarda müvəqqəti məskunlaşmış şəxslərdən ibarətdir.

Doğma yurdlarına qayıdan sakinlər dövlət tərəfindən göstərilən hərtərəfli qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkürlərini bildiriblər.

Qayıdış sevincini yaşayan sakinlər, eyni zamanda, torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərə minnətdarlıqlarını ifadə edib, Vətən uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsini dərin ehtiramla yad edərək onlara Allahdan rəhmət diləyiblər.