FÜZULİ, 3 iyul. TELEQRAF

Birinci Qarabağ müharibəsində itkin düşmüş şəhid Əliyev Möysüm Murad oğlu Füzuli rayonunun İkinci Mahmudlu kənd qəbiristanlığında dəfn olunub.

Teleqraf-ın Qarabağ bürosunun məlumatına görə, uzun illər itkin hesab olunan şəhid Möysüm Əliyevin şəxsiyyəti müəyyən edildikdən sonra o, ailəsinə təhvil verilib.

Möysüm Əliyev doğma yurdunda son mənzilə yola salınıb.

Dəfn mərasimində şəhidin ailə üzvləri, rayon icra hakimiyyətinin nümayəndələri, hüquq-mühafizə orqanlarının əməkdaşları, hərbçilər, müharibə veteranları və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Qeyd edək ki, Möysüm Murad oğlu Əliyev 1973-cü ildə Füzuli rayonunda anadan olub. Birinci Qarabağ müharibəsi zamanı Vətən uğrunda döyüşlərə qatılıb. O, 1994-cü ildə Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı kəndi istiqamətində gedən döyüşlər zamanı itkin düşüb.

Şəxsiyyəti müəyyən edilən Möysüm Əliyev Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan və uzun illər sonra Vətən torpağında dəfn edilən şəhidlərdən biridir.