XANKƏNDİ, 26 iyun. TELEQRAF

Xankəndi şəhərində Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının ildönümü münasibətilə təşkil olunan təntənəli hərbi yürüş başa çatıb.

Teleqraf-ın Qarabağ bürosunun xəbərinə görə Silahlı Qüvvələr Günü münasibətilə keçirilən yürüş Zəfər meydanından başlayaraq şəhərin giriş qapısınadək davam edib. Azərbaycan Ordusunun hərbi yürüşü şəhərdə qürurverici ab-hava yaradıb.

Xankəndidə keçirilən Silahlı Qüvvələr Günü tədbiri yerli sakinlər və şəhər qonaqları tərəfindən böyük maraqla qarşılanıb.

Tədbirdə Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında fəaliyyət göstərən Bərpa, Tikinti və İdarəetmə Xidmətinin nümayəndələri, həmçinin dövlət və özəl qurumların, eləcə də hüquq-mühafizə orqanlarının əməkdaşları iştirak ediblər.

***

10:10

İyunun 26-da Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin yaradılmasının 108-ci ildönümü münasibətilə Xankəndi şəhərində hərbi yürüş keçirilir.

Teleqraf-ın Qarabağ bürosunun xəbərinə görə, yürüş şəhərin mərkəzi küçəsindən başlayaraq şəhərin çıxışınadək davam edəcək. Tədbir hərbi orkestrin müşayiəti ilə start götürüb.

Hərbi qulluqçuların nizamlı keçidi şəhər sakinləri və qonaqlar tərəfindən maraqla izlənilir. Yürüş Azərbaycan Ordusunun peşəkarlığını, döyüş hazırlığını və hərbi ənənələrini nümayiş etdirmək məqsədi daşıyır.

Silahlı Qüvvələrin yaranmasının 108-ci ildönümü münasibətilə ölkənin müxtəlif bölgələrində silsilə tədbirlər keçirilir.