GƏNCƏ, 25 iyun. TELEQRAF

Aşura günü ilə əlaqədar Gəncədə yerləşən "İmamzadə" dini ziyarətgah kompleksində könüllü qanvermə aksiyası keçirilib.

Teleqraf-ın Qərb bürosu xəbər verir ki, səhər saatlarından başlayan aksiyada rəsmilər, idarə və müəssisə rəhbərləri, eləcə də ictimaiyyət nümayəndələri iştirak ediblər.

Aksiya zamanı donorların sağlamlıq vəziyyəti həkim-hematoloqlar tərəfindən əvvəlcədən yoxlanılıb.

Tibbi müayinədən keçən şəxslərdən qan götürülüb. Toplanan qan ehtiyatının talassemiya, hemofiliya və digər xəstəliklərdən əziyyət çəkən şəxslərin müalicəsində istifadə olunacaq.

Qanvermə aksiyası gün ərzində davam edəcək. Həmçinin qan vermək istəyən vətəndaşlar növbəti 40 gün ərzində Respublika Qan Bankının Gəncə bölməsinə müraciət edə bilərlər.

Ümumilikdə aşura günü ilə əlaqədar ölkədə 30 şəhər və rayon üzrə 40 yerdə, o cümlədən 24 məscid və ziyarətgah, 15 tibb və 1 təhsil müəssisəsində qanvermə aksiyaları keçirilir.