SABİRABAD, 24 iyun. TELEQRAF

"Pambıqçılıq ölkəmiz üçün böyük tarixə malik kənd təsərrüfatı sahəsi olmaqla yanaşı, eyni zamanda əhalinin sosial-iqtisadi rifahı və məşğulluğun təmin edilməsi baxımından strateji əhəmiyyət kəsb edir".

Teleqraf-ın Sabirabada ezam olunmuş müxbiri xəbər verir ki, bu sözləri Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nın müzakirəsi ilə bağlı regional müşavirədə deyib.

Onun sözlərinə görə, 2025-ci ildə respublikamızın 23 rayonunda 107 min 492 hektar sahədə pambıq əkini aparılmış və ümumilikdə 3,6 dəfə suvarma suyu ilə təmin edilmişdir:

"Cari ildə respublikamızın 21 rayonunda pambıq bitkisinin ümumilikdə 90 min 579 hektar sahədə səpini baş tutmuş, və müvafiq qaydada arat və səpsuvar suyu ilə təmin edilmişdir.

Hazırda sözügedən əkinlərin qrafikə uyğun olaraq vegetasiya suyu ilə təmin edilməsi davam etdirilir. Hamımıza məlumdur ki, pambıq vegetasiya dövründə yüksək rütubət və su tələbatı olan bitkidir. Lakin son illər iqlim dəyişikliklərinin mənfi təsirləri, quraq dövrlərinin uzanması, yağıntıların həcminin dinamik surətdə dəyişməsi və özəlliklə vegetasiya dövrlərində su ehtiyatlarına artan təzyiq bir sıra yeni zərurətlər formalaşdırmışdır. Bu baxımdan, pambıqçılıq ənənəsi olan xüsusilə Aran, Qarabağ, Şərqi Zəngəzur və Mil-Muğan zonalarında yerləşən rayonlarımızda suvarma infrastrukturunun inkişaf etdirilməsi və su itkilərinin minimuma endirilməsi istiqamətində mühüm layihələr icra olunur.

Bu baxımdan hazırda icra olunan ən böyük layihələrdən biri Şirvan suvarma kanalının yenidənqurulmasıdır. Uzunluğu 204 kilometrdən artıq olan, saniyədə 180 kubmetr su ötürmə qabiliyyətinə malik bu kanalın tikintisi nəticəsində ümumilikdə 228 min hektardan artıq ərazinin su təminatına mühüm töhfələr verəcəkdir.

Layihə çərçivəsində 112 min hektardan artıq mövcud əkin sahəsinin su təminatı yaxşılaşdırılacaq, əlavə olaraq 105 min hektardan artıq yeni torpaq sahəsi kənd təsərrüfatı dövriyyəsinə cəlb olunacaqdır. Bu layihənin həyata keçirilməsi xüsusilə Kürdəmir, Hacıqabul, Zərdab və Yevlax rayonlarında pambıqçılığın inkişafı üçün yeni imkanlar yaradacaq, məhsuldarlığın yüksəldilməsinə və su təminatının daha dayanıqlı təşkilinə xidmət edəcək".

Agentlik sədrinin sözlərinə görə, ölkənin digər böyük strateji su layihələrindən biri olan Qarabağ suvarma kanalının tikintisi üzrə hazırlıq işləri davam etdirilir:

"Uzunluğu 172 kilometrdən çox olacaq bu kanal saniyədə 135 kubmetr suburaxma qabiliyyəti ilə Qarabağ və Mərkəzi Aran zonasında yerləşən Yevlax, Goranboy, Bərdə, Ağcabədi, Ağdam, Tərtər, Beyləqan və İmişli rayonlarının su təminatında keyfiyyətcə yeni mərhələ yaradacaq. Layihənin reallaşdırılması nəticəsində ümumilikdə 166 min hektar ərazinin su təminatı yaxşılaşdırılacaq. Bundan əlavə, Araz çayı üzərində yerləşən Bəhrəmtəpə hidroqovşağı əlavə su ilə qidalandırılacaq ki, bu da İmişli, Saatlı, Sabirabad, Biləsuvar və Cəlilabad rayonlarında su təminatının sabitləşdirilməsinə mühüm töhfə verəcəkr.

2026-cı ilin sonlarında tikintisinə başlanacaq bu layihə başa çatdıqdan sonra pambıqçılığın inkişaf etdiyi ən geniş ərazilərdən biri olan Mərkəzi Aran və Mil-Muğan zonasında su çatışmazlığı riskləri əhəmiyyətli dərəcədə azalacaq.

Boztəpə, Qızılarx, R-15, ÇTZ, Türyançay kanallarının yenidən qurulması üzrə tikinti-quraşdırma işlərinin yekunlaşması hesabına pambıqçılıq baxımından xüsusi əhəmiyyət daşıyan İmişli, Beyləqan, Ağcabədi, Zərdab, Ağdaş, Ucar rayonlarının əkin sahələri dayanıqlı su mənbələri ilə təmin edilmişdir".

Zaur Mikayılov bildirib ki, son illərdə həyata keçirilmiş layihələr arasında Suqovuşan, Xaçınçay və Köndələnçay su anbarları komplekslərinin bərpası, həmçinin Tərtərçay Sol Sahil kanalının yenidən qurulması layihələri də xüsusi qeyd edilməlidir:

"Bu layihələr nəticəsində Tərtər, Goranboy, Bərdə, Yevlax, Ağdam və Ağcabədi rayonlarının kənd təsərrüfatı torpaqlarının su təminatı yaxşılaşdırılmış, fermerlərin dayanıqlı su mənbələrinə çıxışı genişləndirilmişdir. Xüsusilə Suqovuşan və Tərtərçay layihələri Qarabağ və Mərkəzi Aran bölgəsində kənd təsərrüfatı istehsalının bərpasına və tərəqqisinə ciddi təkan vermişdir".