SABİRABAD, 24 iyun. TELEQRAF

Böyük pambıqçılıq ənənəsi olan ölkəmizdə 2015-ci ildə yalnız 18,7 min hektar sahədə pambıq əkilmiş və cəmi 35,2 min ton pambıq istehsal olunmuş, məhsuldarlıq isə 18,8 sentner təşkil edib.

Teleqraf-ın Sabirabada ezam olunmuş müxbiri xəbər verir ki, bu sözləri Prezidentin köməkçisi, Prezident Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin müdiri Zeynal Nağdəliyev Sabirabadda təşkil olunmuş regional müşavirədə deyib.

Onun sözlərinə görə, 2016-cı ildə Prezident İlham Əliyevin tapşırıqlarına əsasən ölkədə pambıqçılığın inkişafına yönəldilən çox ciddi və genişmiqyaslı tədbirlərin görülməsinə başlanılıb:

"Prezident İlham Əliyevin sədrliyi ilə 2016-2019-cu illərdə Sabirabad, Saatlı, Bərdə rayonlarında və Bakı şəhərində pambıqçılığın inkişafı məsələlərinə dair 4 respublika müşavirəsi keçirilib.

2016-cı ildə Sabirabad rayonunda keçirilən birinci müşavirədə cənab Prezident deyib: “...Bir daha demək istəyirəm ki, 2016-cı il pambıqçılığın inkişafı üçün həlledici il olacaq. Bu, bir başlanğıcdır və əminəm ki, bundan sonra pambıqçılıq Azərbaycanda sürətlə inkişaf edəcək, geniş vüsət alacaq. Dediyim kimi, bunun həm insanlara, həm dövlətə böyük xeyri olacaq...”

Həqiqətən də sonrakı illərdə kənd təsərrüfatının bütün sahələri kimi pambıqçılığın da inkişafı ilə bağlı Prezident İlham Əliyevin rəhbərliyi ilə böyük islahatlar həyata keçirildi, bu sahənin inkişafına dövlət dəstəyi genişləndirildi. “Azərbaycan Respublikasında pambıqçılığın inkişafına dair 2017-2022-ci illər üçün Dövlət Proqramı” qəbul olundu, subsidiyaların verilməsi tətbiq edildi, texnika parkı tamamilə yeniləndi, emal müəssisələri ilə fermerlər arasında əməkdaşlıq gücləndirildi, xüsusilə məhsuldarlığın artırılması, suvarma imkanlarının genişləndirilməsi, müasir aqrotexniki tədbirlərin tətbiqi və ixtisaslaşmış rayonlarda pambıqçılığın daha səmərəli təşkili üçün bütün tədbirlər görüldü".

Zeynal Nağdəliyev vurğulayıb ki, görülən tədbirlərin nəticəsində pambığın əkin sahələri və istehsalı əhəmiyyətli dərəcədə artıb: "2018-ci ildə 132,5 min hektar sahədə 233,6 min ton pambıq istehsal edildi, 210 minə yaxın kənd əhalisinin məşğulluğu təmin olundu.

Lakin orta məhsuldarlıq cəmi 17,6 sent/ha təşkil edib. Layihənin sosial əhəmiyyəti böyük olsa da, yəni insanların məşğulluğu təmin edilsə də iqtisadi cəhətdən gözlənilən səmərəni vermirdi.

Prezidentin məhsuldarlığın artırılması hesabına pambıqçılığın intensiv inkişafının təmin edilməsi ilə bağlı tapşırıqlarına əsasən həyata keçirilən tədbirlər nəticəsində 2019-cu ildən başlayaraq, hər il 100-104 min ha sahədə pambıq əkini həyata keçirildi və orta məhsuldarlıq hər hektardan 28-30,9 sentner təşkil etdi.

Bu illər ərzində ən yüksək nəticəyə isə ötən il nail olduq. Fermerlərimiz 100,4 min hektar sahədən 362,9 min ton məhsul istehsal edərək, orta məhsuldarlığı 36,1 sentnerə çatdırdılar".