QAX, 23 iyun. TELEQRAF

Bu günkü müzakirələr bir daha göstərdi ki, qarşıdakı dövrdə kənd təsərrüfatında əsas diqqət hər hektardan daha çox məhsul və daha çox gəlir əldə etməyə yönəlməlidir. Dövlət Proqramının əsas məqsədi də fermerlərin məhsuldarlığını artırmaq, xərclərini azaltmaq, bazarlara çıxış imkanlarını genişləndirmək və kənd təsərrüfatını daha gəlirli sahəyə çevirməkdir.

Teleqraf-ın yerli bürosu xəbər verir ki, bunu Qax rayonunda “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nın müzakirəsi ilə bağlı regional müşavirədəki yekun nitqində Pezidentin köməkçisi - Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov deyib.

Onun sözlərinə görə, Dövlət Proqramının uğuru ilk növbədə onun yerlərdə düzgün təşkili, səmərəli icrası və bütün iştirakçıların fəal əməkdaşlığı ilə müəyyən olunacaq:

"Qarşıdakı illərdə əldə ediləcək nəticələr hər bir rayonun öz potensialından nə dərəcədə səmərəli istifadə etməsindən, fermerlərin və sahibkarların nə qədər fəal olmasından, dövlət qurumlarının isə üzərlərinə düşən vəzifələri nə dərəcədə operativ və keyfiyyətli yerinə yetirməsindən asılı olacaq.

Nəzərə almalıyıq ki, Dövlət Proqramının icrası üçün müəyyən edilmiş müddət məhduddur və cənab Prezident tərəfindən onun icrasına dərhal başlanılması tapşırılmışdır. Buna görə də artıq bu gündən etibarən bütün aidiyyəti qurumlar qarşıya qoyulmuş hədəflərin reallaşdırılması istiqamətində konkret fəaliyyətə başlamalı, rayonlar üzrə prioritet istiqamətləri müəyyən etməli, investisiya layihələrinin hazırlanmasını sürətləndirməli və nəzərdə tutulan tədbirlərin icrasını gündəlik fəaliyyətlərinin mühüm tərkib hissəsinə çevirməlidirlər".

Şahmar Mövsümov bildirib ki, qarşıya qoyulmuş hədəflərə nail olmaq üçün həm dövlət qurumlarının, həm yerli icra hakimiyyəti orqanlarının, həm də fermerlərin, sahibkarların və investorların fəal iştirakı və koordinasiyalı fəaliyyəti həlledici əhəmiyyət daşıyır və bu sahədə əsas məsuliyyət yerli icra hakimiyyəti orqanlarının üzərinə düşür".

Prezidentin köməkçisi vurğulayıb ki, Dövlət Proqramında nəzərdə tutulan hədəflərə nail olunması yalnız dövlət dəstəyi hesabına deyil, fermerlərin, aqroparkların, emal müəssisələrinin, logistika şirkətlərinin, texnologiya və suvarma həlləri təqdim edən özəl sektor subyektlərinin fəal iştirakı hesabına mümkün olacaq.