QAX, 23 iyun. TELEQRAF

"Son illər iqlim dəyişikliklərinin təsiri nəticəsində orta illik temperaturun yüksəlməsi, quraqlıq dövrlərinin uzanması, yağıntıların qeyri-bərabər paylanması və su ehtiyatlarına artan təzyiq, bu bölgədə də yeni çağırışlar formalaşdırıb".

Teleqraf-ın yerli bürosu xəbər verir ki, bunu Qax rayonunda “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nın müzakirəsi ilə bağlı regional müşavirədə Şəki şəhər İcra Hakimiyyəti başçısı Elxan Usubov deyib.

İcra başçısının sözlərinə görə, xüsusən dağlıq və dağətəyi relyefə malik olan Şəki-Zaqatala iqtisadi rayonunda kənd təsərrüfatının dayanıqlı inkişafı üçün yeni su mənbələrinin yaradılması, infrastrukturun yenidən qurulması və suvarma mexanizmlərinin müasirləşdirilməsi həyati əhəmiyyət kəsb edir:

"Bu məqsədlə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi tərəfindən regionun su təminatının köklü şəkildə yaxşılaşdırılması üçün, irimiqyaslı layihələrin icrasına başlanılmış. Bu layihələrin mühüm hissəsi məhz Şəki-Zaqatala iqtisadi rayonunun su təminatının yaxşılaşdırılmasına xidmət edir.

Burada Əlicançay su anbarının tikintisi xüsusi əhəmiyyət daşıyır. Su anbarının həcmi 108 milyon kubmetr təşkil edir. Layihə çərçivəsində həmçinin 134 kilometr uzunluğunda və saniyədə 12 kubmetr suburaxma qabiliyyətinə malik əsas kanalın tikintisi nəzərdə tutulur. Layihənin həyata keçirilməsi nəticəsində Şəki və Qax rayonları ərazisində ümumilikdə 34 min hektara yaxın torpaq sahəsinin etibarlı suvarma suyu ilə təmin edilməsi nəzərdə tutulmuşdur.

Layihənin digər mühüm komponenti yaşayış məntəqələrinin içməli su təminatının yaxşılaşdırılmasıdır. Bu çərçivədə Şəki rayonunun 12, Oğuz rayonunun isə 16 yaşayış məntəqəsinin ümumilikdə 49 min nəfərdən çox sakininin dayanıqlı və keyfiyyətli içməli su ilə təminatı mümkün olacaqdır. Hazırda layihə üzrə tikinti-quraşdırma işləri sürətlə davam etdirilir".

Elxan Usubov deyib ki, region üçün mühüm əhəmiyyət kəsb edən digər layihə Yengicə su anbarının tikintisidir:

"Qəbələ rayonunda həyata keçirilən bu layihə çərçivəsində 17,5 milyon kubmetr həcmində su anbarı və 24,5 kilometr uzunluğunda əsas kanal inşa edilir. Layihənin tamamlanması nəticəsində Qəbələ rayonunda ümumilikdə 10 min hektar torpaq sahəsinin su təminatı yaxşılaşdırılacaqdır. Bunun 3 388 hektarı mövcud suvarılan sahələrin su təminatının yaxşılaşdırılması, 6 612 hektarı isə yeni suvarılan torpaq sahələrinin yaradılması hesabına təmin ediləcəkdir.

Layihə xüsusilə Yenikənd, Zalam, Kiçik Əmili, Böyük Əmili, Bilix və Məlikli kəndlərində aqrar istehsalın genişləndirilməsi və yeni torpaq sahələrinin əkin dövriyyəsinə cəlb olunması baxımından böyük əhəmiyyət daşıyır.

Bununla yanaşı, Azərbaycan Respublikası Prezidentinin 10 oktyabr 2024 tarixli Sərəncamı ilə təsdiq edilmiş “Su ehtiyatlarından səmərəli istifadəyə dair Milli Strategiya”nın tədbirlər planı çərçivəsində su təsərrüfatlarının idarə edilməsində Sudan İstifadəedənlər Birliklərinin fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində ilk pilot layihənin də məhz Yengicə su anbarının xidməti ərazisində həyata keçirilməsi nəzərdə tutulmuşdur.

Həyata keçirilən bütün bu layihələr Şəki-Zaqatala iqtisadi rayonunda kənd təsərrüfatının keyfiyyətcə yeni mərhələyə keçməsinə, su təhlükəsizliyinin möhkəmlənməsinə və regionun ümumi sosial-iqtisadi rifahına ciddi töhfələr verəcək".