QAX, 23 iyun. TELEQRAF

"Kənd təsərrüfatının inkişafı yalnız yeni su mənbələrinin yaradılması ilə məhdudlaşmamalıdır".

Teleqraf-ın yerli bürosu xəbər verir ki, bunu Qax rayonunda “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nın müzakirəsi ilə bağlı regional müşavirədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədrinin birinci müavini Xəyyam Məmmədov deyib.

Onun sözlərinə görə, əsas məqsəd hər kubmetr sudan daha yüksək səmərə ilə istifadə etməkdir:

"Bu baxımdan damcı suvarma, yağmurlama və pivot sistemləri kimi müasir texnologiyaların tətbiqi böyük əhəmiyyət kəsb edir. Bu texnologiyalar su sərfiyyatını azaltmaqla yanaşı, məhsuldarlığın və iqtisadi səmərəliliyin artmasına da mühüm şəkildə köməklik edir.

Yeni Dövlət Proqramı çərçivəsində bu innovativ sistemlərin genişləndirilməsi, rəqəmsal monitorinq və dəqiq su uçotunun qurulması, həmçinin fermerlərin maarifləndirilməsi əsas prioritetlərdən biridir".

Xəyyam Məmmədov bildirib ki, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi aidiyyəti dövlət qurumları ilə sıx əməkdaşlıq şəraitində fəaliyyət göstərir:

"Eyni zamanda mövcud su obyektlərinin istismar keyfiyyətinin yüksəldilməsi də diqqət mərkəzindədir. Hazırda Agentliyin xidmət göstərdiyi ərazilərdə Balakən rayonunda 8 min 400 hektar, Zaqatala rayonunda 15 min 562 hektar, Qax rayonunda 21 min 358 hektar, Şəki rayonunda 38 min 980 hektar, Oğuz rayonunda 13 min 707 hektar, Qəbələ rayonunda isə 11 min 703 hektar suvarılan sahə mövcuddur.

Sözügedən ərazilərdə fəaliyyət göstərən su təsərrüfatı infrastrukturu ümumilikdə 3700 kilometrə yaxın suvarma şəbəkəsini, 3374 hidrotexniki qurğunu, 701 subartezian və 294 artezian quyusunu və 17 nasos stansiyasını əhatə edir. Cari ildə bu rayonlar üzrə təxminən 98 min nəfərə yaxın kənd təsərrüfatı istehsalçısı suvarma və digər məqsədlər üçün su ilə təmin olunmuş və hazırda da qrafikə uyğun olaraq su təminatı davam etdirilir.

2025-ci il ərzində istismar tədbirləri hesabına su təsərrüfatı obyektlərində aparılmış əsaslı təmir işləri çərçivəsində ölkə üzrə 55 kilometrdən artıq suvarma kanalı beton üzlüyə alınmış, 10,4 kilometrdən çox boru kəməri yenilənmiş, 2813 metr daş-beton bənd və 204 subartezian quyusu əsaslı təmir olunmuşdur. Cari təmir planı çərçivəsində isə 6378 subartezian quyusu, 842 nasos stansiyası və 2779 hidrotexniki qurğuda təmir işləri aparılmış, 31 milyon kubmetr həcmində suvarma kanalı və 10 milyon kubmetrə yaxın kollektor-drenaj şəbəkəsi lildən təmizlənmişdir.

Bundan əlavə, 10 milyon kubmetrə yaxın çay məcrasında tənzimləmə işləri yerinə yetirilmişdir. Bu kompleks addımlar infrastrukturun dözümlülüyünü artırır, itkiləri minimuma endirir və fermerlərimizin suya çıxışını daha da asanlaşdırır.

Eyni zamanda, su ehtiyatlarının qorunması və qanunvericiliyə uyğun istifadəsi məqsədilə dövlət nəzarəti tədbirləri də gücləndirilmişdir. Bu istiqamətdə Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 17 noyabr tarixli 2356 nömrəli Fərmanı ilə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin yanında yaradılmış Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidməti su ehtiyatlarının mühafizəsi, su itkilərinin azaldılması və su limitlərinə riayət olunması sahəsində mühüm fəaliyyət həyata keçirir".

T