QAX, 23 iyun. TELEQRAF

Şəki-Zaqatala iqtisadi rayonu ölkənin aqrar istehsal sistemində mühüm və strateji mövqeyə malikdir.

Teleqraf-ın yerli bürosu xəbər verir ki, bunu Qax rayonunda “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nın müzakirəsi ilə bağlı regional müşavirədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədrinin birinci müavini Xəyyam Məmmədov deyib.

Onun sözlərinə görə, Balakən, Zaqatala, Qax, Şəki, Oğuz və Qəbələ rayonları meyvəçilik, fındıqçılıq, taxılçılıq, tütünçülük, heyvandarlıq və aqrar emal sənayesi sahələri üzrə ölkənin əsas istehsal mərkəzləri sırasında yer alır:

"Regionun əlverişli təbii-iqlim şəraiti yüksək məhsuldarlıq üçün geniş imkanlar yaratsa da, bu potensialın tam reallaşdırılması etibarlı və dayanıqlı su təminatından asılıdır.

Lakin son illər iqlim dəyişikliklərinin təsiri nəticəsində orta illik temperaturun yüksəlməsi, quraqlıq dövrlərinin uzanması, yağıntıların qeyri-bərabər paylanması və su ehtiyatlarına artan təzyiq, bu bölgədə də yeni çağırışlar formalaşdırmışdır. Xüsusən dağlıq və dağətəyi relyefə malik olan Şəki-Zaqatala iqtisadi rayonunda kənd təsərrüfatının dayanıqlı inkişafı üçün yeni su mənbələrinin yaradılması, infrastrukturun yenidən qurulması və suvarma mexanizmlərinin müasirləşdirilməsi həyati əhəmiyyət kəsb edir. Bu məqsədlə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi tərəfindən regionun su təminatının köklü şəkildə yaxşılaşdırılması üçün, irimiqyaslı layihələrin icrasına başlanılmış. Bu layihələrin mühüm hissəsi məhz Şəki-Zaqatala iqtisadi rayonunun su təminatının yaxşılaşdırılmasına xidmət edir".

Agentlik rəsmisi Əlicançay su anbarının tikintisinin xüsusi əhəmiyyət daşıdığını vurğulayıb:

"Su anbarının həcmi 108 milyon kubmetr təşkil edir. Layihə çərçivəsində həmçinin 134 kilometr uzunluğunda və saniyədə 12 kubmetr suburaxma qabiliyyətinə malik əsas kanalın tikintisi nəzərdə tutulur. Layihənin həyata keçirilməsi nəticəsində Şəki və Qax rayonları ərazisində ümumilikdə 34 min hektara yaxın torpaq sahəsinin etibarlı suvarma suyu ilə təmin edilməsi nəzərdə tutulmuşdur. Layihənin digər mühüm komponenti yaşayış məntəqələrinin içməli su təminatının yaxşılaşdırılmasıdır. Bu çərçivədə Şəki rayonunun 12, Oğuz rayonunun isə 16 yaşayış məntəqəsinin ümumilikdə 49 min nəfərdən çox sakininin dayanıqlı və keyfiyyətli içməli su ilə təminatı mümkün olacaq. Hazırda layihə üzrə tikinti-quraşdırma işləri sürətlə davam etdirilir".