QAX, 23 iyun. TELEQRAF

Dövlət Proqramında 150 min ton əlavə taxıl silolarının qurulması üçün dəstək mexanizmlərinin hazırlanması və tətbiqi nəzərdə tutulur. Bu istiqamətdə avadanlıqların qiymətinin 40 faizinə güzəşt, 40-50 faizinə isə kredit faiz subsidiyası tətbiq ediləcək.

Teleqraf-ın yerli bürosu xəbər verir ki, bunu Qax rayonunda “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nın müzakirəsi ilə bağlı regional müşavirədə kənd təsərrüfatı nazirinin müavini Zaur Əliyev deyib.

Onun sözlərinə görə, soyuducu anbarlar üzrə də 100 min ton əlavə tutumun yaradılması təşviq olunacaq. Burada da avadanlıqların qiymətinin 40 faizinə güzəşt, 40-50 faizinə kredit faiz subsidiyası nəzərdə tutulur:

"Bu dəstək mexanizmləri həm taxılçılıqda, həm meyvəçilikdə, həm tərəvəzçilikdə, həm də ixracyönümlü məhsul istehsalında böyük əhəmiyyət daşıyır. Məhsulun saxlanması fermerə bazara daha uyğun zamanda çıxmaq imkanı verir. Bu isə gəlirin artmasına, ixracın genişlənməsinə və ərzaq təhlükəsizliyinin güclənməsinə xidmət edir.

Şəki-Zaqatala iqtisadi rayonu üçün bu istiqamət xüsusi önəm daşıyır. Regionda taxılçılıq, meyvəçilik, tütünçülük və heyvandarlıq potensialı var. Bu potensialın dəyərə çevrilməsi üçün saxlama, soyutma, çeşidləmə, qablaşdırma və emal infrastrukturu genişləndirilməlidir.

Dövlət Proqramının mühüm istiqamətlərindən biri də intensiv bağçılığın genişləndirilməsidir. İntensiv və super intensiv bağlar müasir kənd təsərrüfatının ən perspektivli sahələrindən biridir. Bu bağlarda bir hektardan daha çox məhsul götürmək, su və torpaq resurslarından daha səmərəli istifadə etmək, məhsulun keyfiyyətini və ixrac imkanlarını artırmaq mümkündür".

Zaur Əliyev deyib ki, 2030-cu ilə qədər intensiv bağların genişləndirilməsi, istehsal həcminin artırılması və bağçılıqda dəyər zəncirinin gücləndirilməsi əsas hədəflərdən biridir:

"Bu istiqamətdə fermerlərə ilkin investisiya dəstəyinin göstərilməsi nəzərdə tutulur. Bu çox vacibdir, çünki intensiv bağın salınması ilkin mərhələdə daha böyük yatırım tələb edir.

Bundan əlavə, intensiv və super intensiv bağlarda müasir suvarma sistemlərinin tətbiqi dəstəklənəcək. Bu sahədə suvarma düzgün qurulmasa, bağın məhsuldarlığı və davamlılığı təmin oluna bilməz. Ona görə də bağçılıqla suvarma siyasəti birlikdə aparılmalıdır".