ASTARA, 14 yanvar. TELEQRAF
Cənub bölgəsində bir vaxtlar həm yay istirahət məkanı, həm də kənd sakinlərinin bir araya gəldikləri ictimai məkan kimi tanınan və "ləm" adlanan tikililəri tədricən tarixə çevrilməkdədir.
Bu barədə Teleqraf-ın Cənub bürosu xəbər verir.
Yaşlı sakinlərin sözlərinə görə, bu tikililər XVIII əsrdən etibarən əsasən imkanlı və torpaq sahibi olan şəxslər tərəfindən tikilib.
Ləmlər yay aylarında istirahət üçün istifadə olunub, kənd əhalisinin bir araya gələrək söhbət etməsi, görüşlər keçirməsi və ictimai müzakirələr aparması üçün gərəkli məkanlardan hesab edilib.
Əsasən iki mərtəbəli şəkildə inşa edilən ləmlərin bünövrəsi qırmızı kərpicdən, üst hissəsi isə ağac materiallardan qurulub. Bir neçə metr hündürlüyə malik olan bu tikililər yay aylarının qızmar istisində belə sərinliyi ilə seçilib.
Hazırda Cənub bölgəsində ləmlərin böyük əksəriyyəti sıradan çıxsa da, Astara rayonunun Ərçivan qəsəbəsində bu tikililərdən biri qorunub saxlanılıb. Tikiliyə rəsmi olaraq tarixi abidə statusu verilib.
Yerli sakinlərin bildirdiyinə görə, bir vaxtlar “Ulduz” filminin bəzi epizodları da məhz bu ləmdə lentə alınıb.
Qeyd olunur ki, gənc nəsil bu tarixi tikilinin keçmişdə kənd həyatında hansı funksiyanı daşıdığını öyrənmək üçün tez-tez Astaranın Ərçivan qəsəbəsindəki ləmi ziyarət edir.
