AĞDƏRƏ, 14 yanvar. TELEQRAF
Prezidentin izi ilə təşkil edilmiş media-tur çərçivəsində jurnalistlərin Ağdərə rayonunun Oratağ kəndinə səfəri başlayıb.
Teleqraf-ın Qarabağ bürosunun xəbərinə görə, Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Afət Telmanqızı jurnalistlərə açıqlamasında bildirib ki, kənddə ümumilikdə 308 fərdi ev var. Onlardan 148-i yararsız, 160-ı isə qismən yararlıdır. Hazırda 100 ev bərpa olunaraq istifadəyə verilib, il ərzində əlavə 60 evin əsaslı təmir və bərpası planlaşdırılır. Kəndə ilkin olaraq 31 ailə (119 nəfər) qayıdıb.
Afət Telmanqızı əlavə edib ki, kəndin sosial infrastrukturu da yenilənir: "İki transformator və qaz xətti bərpa olunub, yeni elektrik, qaz və rabitə xətləri çəkilib, su nasosu istifadəyə verilib, 560 kubmetrlik su anbarları təmizlənib, subartezian quyusu təmir olunub. Uzunluğu 7 kilometrə yaxın kənddaxili yollar bərpa olunub, sakinlərin istirahəti üçün park salınıb və futbol meydançası yaradılıb".
Qeyd edək ki, işğaldan əvvəl Oratağ kəndinin əhalisi əsasən üzümçülük, heyvandarlıq, taxılçılıq və tütünçülüklə məşğul olub.
Kənddə məktəb, klub, kitabxana və tibb məntəqəsi fəaliyyət göstərib.
Aşağı Oratağ 2023-cü ildə Azərbaycan Silahlı Qüvvələrinin antiterror əməliyyatı nəticəsində işğaldan azad edilib.
Daha sonra jurnalistlər Çıldıran kəndində olublar.
Afət Telmanqızı jurnalistlərə bildirib ki, kənddə 177 fərdi ev mövcuddur, onlardan 69-u yararsız, 108-i isə qismən yararlıdır. İndiyədək 28 ev istismara hazır vəziyyətə gətirilib, bu il əlavə 30 evin bərpası planlaşdırılır.
Hazırda kəndə 13 ailə olmaqla 48 nəfər qayıdıb.
Kənddə 2 transformator istifadəyə verilib, elektrik və qaz xətləri bərpa olunub, yeni xətlər çəkilib. 190 kubmetr həcmində olan su anbarları təmizlənib, subartezian quyusu təmir olunub.
Kənddaxili yolların 8,4 kilometri bərpa edilib və park salınıb.
Qeyd edək ki, Çıldıran kəndi, Ağdərə rayonunun eyniadlı inzibati ərazi dairəsində yerləşir və uzun müddət işğal altında olub. Azərbaycan Silahlı Qüvvələrinin 2023-cü ilin sentyabrında həyata keçirdiyi antiterror əməliyyatı nəticəsində kəndin işğalına son qoyulub.
Kənddə XII əsrə aid Alban məbədi, XIII əsrə aid Qırmızı məbəd var.