ŞUŞA, 13 yanvar. TELEQRAF
"Şuşada Qarabağ xalçaçılıq sənətinin qorunması davam etdirilir".
Bu fikirləri Teleqraf-ın Qarabağ bürosuna açıqlamasında Azərbaycan Xalça Muzeyinin Şuşa filialının müdiri Babakişi İsrafilov deyib.
Onun sözlərinə görə, xalçaçılıq sənəti xalqımızın zəngin mədəni irsini və bədii dünyagörüşünü əks etdirən əsas milli simvollardan biridir.
O qeyd edib ki, Azərbaycan xalçalarının ən dolğun kolleksiyalarının qorunub saxlanıldığı və dünyada ilk ixtisaslaşmış xalça muzeyi 1967-ci ildə Bakıda yaradılıb: "Hazırda muzeydə 7 kolleksiya və 10 mindən artıq eksponat qorunur".
Babakişi İsrafilov bildirib ki, 1987-ci ildən Şuşada, XIX əsrə aid tarixi Mehmandarov malikanəsində fəaliyyət göstərən filial Qarabağ xalçaçılıq sənətinin öyrənilməsi, qorunması və yaşadılması məqsədilə yaradılıb: "İşğal dövründə filialda saxlanılan eksponatlar Bakıya köçürülərək qorunub saxlanılıb".
Onun sözlərinə görə, 2018–2022-ci illər Dövlət Proqramı çərçivəsində Heydər Əliyev Fondu, Mədəniyyət Nazirliyi, həmçinin yerli və xarici xeyriyyəçilər muzeyə dəyərli xalçalar hədiyyə ediblər.
Babakişi İsrafilov əlavə edib ki, Şuşaya gələn qonaqlar Azərbaycan Xalça Muzeyinin Şuşa filialını ziyarət edir, sərgilənən xalçalar və eksponatlar barədə muzey əməkdaşlarından geniş məlumat alırlar.