ŞUŞA, 13 yanvar. TELEQRAF

Şuşada bərpa və quruculuq işləri davam edir. Doğma yurduna qayıdan sakinlər üçün müvafiq şərait yaradılıb.

Şuşa sakini Natiq Qurbanov Teleqraf-ın Qarabağ bürosuna bildirib ki, 2022-ci ildən şəhərdə yaşayır və ictimai nəqliyyat sahəsində çalışır.

Onun sözlərinə görə, Prezident tərəfindən Şuşaya hədiyyə edilən avtobuslardan birində sürücü işləyir, sakinlərə, xüsusilə səhər tezdən məktəbə gedən uşaqlara xidmət göstərir.

N.Qurbanov qeyd edib ki, Şuşada yaşadığı dövrdə Mədəni Maarif Pedaqoji Texnikumunda sürücü işləyib, tələbələri avtobusla daşıyıb. Məcburi köçkünlük illərində də sərnişin nəqliyyatı sahəsində fəaliyyətini davam etdirib. Torpaqlar azad edildikdən sonra isə yenidən Şuşaya qayıdaraq sürücü kimi işə başlayıb.

“Bilirdim ki, bir gün torpaqlarımız geri qayıdacaq”, – deyə o bildirib.

Şuşada aparılan tikinti işlərindən danışan sakinin sözlərinə görə, şəhərdə köhnə tikililərdən demək olar ki, heç nə qalmayıb. Yeni yaşayış binaları inşa olunur. İşlərin böyük hissəsinin yay aylarınadək tamamlanması planlaşdırılır.

Hazırda Şuşada qaz, işıq, isti su, istilik sistemi və internet mövcuddur. Bir ailənin rahat yaşaması üçün bütün şərait yaradılıb.