ŞUŞA, 12 yanvar. TELEQRAF

Şuşa məktəbi təhsilin dirçəliş mərkəzlərindən biri hesab edilə bilər.

Teleqraf-ın Qarabağ bürosunun xəbərinə görə bu sözləri Şuşa şəhər 1 saylı tam orta məktəbin direktoru Səbinə Gözəlova Teleqraf-a açıqlamasında deyib.

Səbinə Gözəlova bildirib ki, Şuşada bərpa və quruculuq işləri şəhərin həyatına tamamilə yeni nəfəs gətirir, yeni yaşayış məntəqələri ardıcıl şəkildə tikilir və infrastuktur layihələri planlı şəkildə icra edilir:

"Xüsusilə qeyd etməliyik ki, geriyə qayıtmış keçmiş məcburi köçkünlərin gözəl şərait qurmasına imkanlar var. Paralel olaraq burada məşğulluq məsələləri diqqətdə saxlanılır. Yeni iş yerləri açılır və sosial sabitlik daha da möhkəmlənir. Təhsil də bu prosesin əsas dayaqlarından biridir".

Səbinə Gözəlova deyib kji, Şuşa məktəbi gələcək nəsilləri yetişdirən bir məkandır: "Bu məktəbdə ərazi bütövlüyümüzün necə bir dəyər olduğu şagirdlərə aşılanır. Şuşa məktəbi təhsilin dirçəliş mərkəzlərindən biri hesab edilə bilər. Burada bərpa olunan bir şəhərdə gələcək nəsil yetişdirilir.

Demək istərdik ki, doğma Şuşamızda aparılan bərpa quruculuq işləri təhsil və sosial həyat insan rifahına bir vəhdət təşkil edir. Düşünürük ki, Şuşa məktəbində çalışmaq böyük bir fəxrr və məsuliyyətdir.

Məktəbimizə gələn yolun özü bir tarixdir. Bu küçənin hər daşının yaddaşı var. Hər səhər biz məktəbə daxil olanda şagirdlərimizin gözündə bir işıq görürük. O işıq bu uşaqların gələcəyi quran bir nəsil kimi yetişəcəklərini inam ifadə edir".

Direktor bildirib ki, məktəb 2024-cü ildən fəaliyyətə başlayıb: "Beş blokdan ibarət məktəbdə 960 şagird təhsil ala bilər. Növbəti köç sayəsində şagird sayını artacağı gözlənilir.

Hazırda məktəbdə 20-yə yaxın müəllim fəaliyyət göstərir, 200-dən çox şagird təhsil alır.

Qeyd edək ki, 1830-cu ildə təməli qoyulan Şuşa şəhər 1 nömrəli tam orta məktəb şəhər işğaldan azad edildikdən sonra yenidən tikilib, 2024-cü ildə fəaliyyətə başlayıb. Cənubi Qafqazda ilk dünyəvi məktəblərdən biri hesab olunan bu təhsil ocağı müasir avadanlıqlarla təchiz olunub".