ŞUŞA, 12 yanvar. TELEQRAF

Şuşa şəhərində keçmiş məcburi köçkünlərin doğma yurda qayıdışının təmin olunması üçün yeni yaşayış binaları inşa edilir. Bununla paralel tarixi-mədəni irsin bərpası və infrastruktur layihələrin icrası reallaşır. Görülən bütün tikinti işləri isə Şuşaya xas memarlıq elementlərinə uyğun aparılır.

Teleqraf-ın Qarabağ bürosunun xəbərinə görə, Şuşada görülən işlərin davamı olaraq hazırda D3 və D4 yaşayış massivlərində çoxmənzilli binaların tikintisi davam edir.

Şuşa Şəhər Dövlət Qoruğu İdarəsinin Ərazinin inkişafı və ictimai nəqliyyatın idarə olunması şöbəsinin müdiri Rza Abdullayev bildirib ki, D3 və D4 massivlərindən sonra D5 yaşayış massivinin inşasına üçün 6,2 hektar torpaq sahəsi ayrılıb. Ayrılan ərazidə 16 binanın, yəni 274 mənzilin inşası layihələndirilib. Burada mənzillər 2, 3, 4 və 5 otaqlı olacaq. Layihənin icrasına müvafiq sənədləşmə və hazırlıq işləri başa çatdıqda sonra start veriləcək.

“Hazırda Şuşa şəhərində D4 yaşayış massivi və D3 yaşayış massivinin birinci mərhələsinin inşası başlayıb. İndi D4 yaşayış massivinin ərazisindəyik. Bunalarımızda yeraltı avtodayanacaq tikilir, liftlərin mərkəzləşdirmə sistemi mövcuddur. Bina fasadları Şuşa şəhərinin tarixi-memarlıq üslubuna görə dizayn edilir" - Rza Abdullayev əlavə edib.