AĞDƏRƏ, 9 yanvar. TELEQRAF

Ağdərə rayonunun 4 kəndində yola salınan ailələr mənzil başına çatıb onlara mənzillərinin açarları təqdim edilib.

Teleqraf-ın Qarabağ bürosunun xəbərinə görə, Qayıdış proqramına uyğun olaraq Tərtər şəhərindən Ağdərə rayonunun Çıldıran, Aşağı Oratağ, Heyvalı və Çapar kəndlərinə yola salınan ailələr mənzil başına çatıb.

Mənzil başına çatan ailələrə sahib olduqları evlərin açarları təqdim edilib . Açarların təqdim olunması mərasimində Xankəndi şəhərinə Xocalı və Ağdərə rayonları üzrə Bərpa Tikinti İdarəetmə Xidmətinin əməkdaşları və Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndələri iştirak edib.

Qeyd edək ki bu mərhələdə Ağdərənin Çıldıran kəndinə 13 ailə, 48 nəfər, Aşağı Oratağ kəndinə 31 ailə, 119 nəfər, Heyvalı kəndinə 19 ailə, 74 nəfər və Çapar kəndinə isə 26 ailə, 96 nəfər köçürülüb.

Bu köçdə daxil olmaqla, Ağdərə rayonunda məskunlaşan sakinlərin sayı, ümumilikdə 714 ailə 2663 nəfər təşkil edir.

***

12:14

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir.

Teleqraf-ın Qarabağ bürosunun xəbərinə görə, Böyük Qayıdış proqramına uyğun olaraq Ağdərə rayonunun Çıldıran, Aşağı Oratağ, Heyvalı və Çapar kəndlərinə növbəti köç karvanı Tərtər şəhərindən yola salınıb.

Bu mərhələdə Ağdərənin Çıldıran kəndinə 13 ailə olmaqla 48 nəfər, Aşağı Oratağ kəndinə 31 ailə olmaqla 119 nəfər, Heyvalı kəndinə 19 ailə olmaqla 74 nəfər, Çapar kəndinə isə 26 ailə olmaqla 96 nəfər köçürülüb.

Köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər.

Onlar, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.