LƏNKƏRAN, 27 dekabr. TELEQRAF

Lənkəran rayonu ərazisindəki qədim tarixi abidələrimizdən olan Bəlləbur qalasının qalıqları yox ola bilər.

Teleqraf-ın Cənub bürosu xəbər verir ki, qala Lənkəran şəhərindən 9 kilometr cənub-qərbdə, Bəlləbur kəndinin ərazisində, dəniz səviyyəsindən təxminən 1400 metr yüksəklikdə, dağın zirvəsində yerləşir.

Müdafiə və istehkam xarakteri daşıyan Bəlləbur qalası strateji mövqedə inşa olunub, müxtəlif dövrlərdə bölgənin müdafiəsində mühüm rol oynayıb.

Mütəxəssislərin sözlərinə görə, qalanın böyük hissəsi sovet dövründə dağıdılıb, bəzi hissələri isə zamanla və təbii təsirlərin nəticəsində uçub.

Araşdırmalara əsasən, qalanın divarlarının tikintisində əsasən gil tərkibli, kvadrat formalı qırmızı kərpiclərdən istifadə olunub. Bəlləbur qalası yerli sakinlər arasında Babək qalası adı ilə də tanınır və Babəkin ərəblərə qarşı apardığı mübarizə dövründə sığınacaq qalalardan biri hesab olunur.

Hazırda qala ərazisində yalnız uçulub-dağılmış qaya parçaları və divar qalıqları qalmaqdadır.

Tarixin səssiz şahidi olan Bəlləbur qalasının qalıqları qədim keçmişimizdən xəbər verir.