AĞDƏRƏ, 27 dekabr. TELEQRAF
Ağdərə rayonunun Vəngli kəndinə yola salınan ailələr mənzil başına çatıb.
Xankəndi şəhəri, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən Teleqraf-ın Qarabağ bürosuna verilən məlumata görə, bu mərhələdə kəndə 10 ailə olmaqla ümumilikdə 44 nəfər köçürülüb.
Kəndə çatan sakinlər qarşılandıqdan sonra onlara yeni bərpa olunmuş fərdi yaşayış evlərinin açarları təqdim edilib.
Qeyd edək ki, Vəngli kəndində bərpa və yenidənqurma işləri mərhələli şəkildə aparılır, sakinlərin rahat və təhlükəsiz yaşayışı üçün zəruri infrastruktur yaradılıb.
Köç prosesinin növbəti mərhələlərdə də davam etdirilməsi nəzərdə tutulur.
***
12:03
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir.
Teleqraf-ın Qarabağ bürosunun xəbərinə görə, Qayıdış proqramına uyğun olaraq 10 ailə olmaqla 44 nəfər Ağdamın Dördyol adlanan ərazisindən Ağdərə rayonunun Vəngli kəndinə yola salınıb.
Vəngli kəndinə yola salınan ailələr bu günə kimi respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.
Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər.
Onlar, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.
Bununla da Vəngli kəndinə qayıdan ailələrin sayı 137 ailə 532 nəfərə çatıb