AĞDAM, 26 dekabr. TELEQRAF
“Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”na əsasən, Xocavənd rayonunun Hadrut qəsəbəsinə növbəti köç gerçəkləşib, yola salınan ailələr mənzil başına çatıb.
Teleqraf-ın Qarabağ bürosunun xəbərinə görə, Hadrut qəsəbəsinə bu gün 13 ailə olmaqla 51 nəfər köçüb.
Qəsəbədə sakinlərin məskunlaşması üçün lazımi şərait yaradılıb. Yollar abadlaşdırılıb, evlər və kommunikasiya xətləri bərpa edilib.
***
12:12
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış prosesi davam etdirilir.
Teleqraf-ın Qarabağ bürosunun xəbərinə görə, qayıdış proqramına uyğun olaraq Ağdam rayonunun Xıdırlı kəndinə, Xocavənd rayonunun Hadrut qəsəbəsinə və Xocalı rayonunun Seyidbəyli kəndinə növbəti köç karvanı yola salınıb.
Bu mərhələdə Ağdam rayonun Xıdırlı kəndinə 64 ailədə 278 nəfər, Xocavənd rayonunun Hadrut qəsəbəsinə 13 ailədə 51 nəfər, Xocalı rayonunun Seyidbəyli kəndinə isə 11 ailədə 48 nəfər köçürülüb.
Köç edənlər respublikanın müxtəlif bölgələrində, əsasən yataqxanalarda, sanatoriyalarda və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir
Doğma yurdlarına qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.
Onlar, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə təşəkkür edib, bu yolda canlarından keçən şəhidlərimizə Allahdan rəhmət diləyiblər.