XANKƏNDİ, 25 dekabr. TELEQRAF
Hazırda Kərkicahan qəsəbəsində 33 yaşayış binası, 1037 fərdi ev var.
Teleqraf-ın Qarabağ bürosunun xəbərinə görə, bu sözləri Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa Tikinti İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Afət Telmanqızı media nümayəndələrinə deyib.
Onun sözlərinə görə, Kərkicahan qəsəbəsində təmir işlərinə bu ilin may ayında başlanıb.
Qəsəbədə hazırda 33 yaşayış binası və 1037 fərdi ev mövcuddur. Bu ilin sonunadək 40, 2026-cı ildə isə 280 evin təmiri nəzərdə tutulur. Artıq 30 evdə təmir işləri başa çatdırılıb. İlkin mərhələdə 30 ailə olmaqla, ümumilikdə 115 sakin müvəqqəti məskunlaşdıqları şəhər və rayonlardan qəsəbəyə, öz dədə-baba yurdlarına qayıdıb.
Qəsəbədə bir sıra sosial infrastruktur layihələri də icra olunub. Fərdi evlərin yerləşdiyi ərazidə su, elektrik və qaz xətləri yoxlanılıb, 2 kilometr yeraltı optik kabel, 510 metr elektrik xətti çəkilib, işıq dirəkləri quraşdırılıb, küçə işıqlandırılması təmin olunub, daxili yollar asfaltlanıb.
Eyni zamanda, 60 çarpayılıq 1 nömrəli körpələr evi-uşaq bağçası və 624 şagird yerlik tam orta məktəbdə əsaslı təmir işləri aparılıb.İşğaldan əvvəl bu qəsəbədə 355 ailə olmaqla 1796 nəfər azərbaycanlı yaşayırdı. Hazırda qeydiyyatda 674 ailə olmaqla ümumilikdə 2531 sakin var.

Qarabağ Regional Təhsil İdarəsinin müdiri Sənan Mənsimli bildirib ki, Kərkicahan qəsəbəsinin şagirdləri təhsillərini doğma yurdlarında davam etdirəcəklər.
Onun sözlərinə görə, müasir təhsil infrastrukturunun yaradılması işğaldan azad edilmiş ərazilərimizdə Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən genişmiqyaslı yenidənqurma işlərinin vacib istiqamətlərindən biridir: "Dekabrın 23-də Prezident İlham Əliyevin iştirakı ilə Xankəndi şəhəri Kərkicahan qəsəbə 1 nömrəli tam orta məktəbinin əsaslı təmirdən sonra açılışı bunun daha bir nümunəsidir".
624 şagird yerlik məktəbin binasında ümumilikdə 17 sinif otağı, laboratoriyalar, STEAM, informatika, hərbi hazırlıq, biologiya, kimya, fizika, texnologiya, dərnək, məktəbəqədər hazırlıq otaqları, kitabxana, oxu, idman və akt zalları, yeməkxana mövcuddur.
Binadakı otaqların hamısı zəruri tədris vəsaiti ilə təchiz edilib. Bundan başqa, məktəbin həyətyanı sahəsində açıq idman meydançası da yaradılıb. Məktəbdə təlim-tədrisin yüksək səviyyədə həyata keçirilməsi üçün lazımi şərait yaradılıb.