LERİK, 8 dekabr. TELEQRAF

Lerik rayonunun Andurma kəndində bulaq ətrafının heyvandarlar tərəfindən çirkləndirilməsi sakinlərin narazılığına səbəb olub.

Teleqraf-ın Cənub Bürosu xəbər verir ki, əvvəllər yaylaqda maldarlıqla məşğul olan bir neçə yerli sakinin kənddə məskunlaşması müəyyən problemlərə yol açıb.

Məlumata görə, həmin şəxslər təsərrüfatlarında olan zir-zibili bulağın yaxınlığına tökürlər. Bu isə kəndi içməli su ilə təmin edən mənbənin çirklənməsinə səbəb olur.

Kənd sakini İbiş Köçəriyev deyib ki, yağmurlu günlərdə su axını zir-zibili bulağa qarışdırır və suyu istifadəyə yararsız edir.

Kənd bələdiyyəsindən bildirilib ki, həmin ərazidəki heyvan tullantıları təmizlənib. Lakin heyvandarlıq təsərrüfatları bulaqdan yüksəkdə yerləşdiyi üçün yağışlı havalarda tullantıların su mənbəyinə doğru axmasının qarşısını tam almaq mümkün deyil.

Bələdiyyədən əlavə edilib ki, problemin tam həlli üçün təsərrüfatlar ərazidən köçürülməlidir.