CƏBRAYIL, 5 dekabr. TELEQRAF
Bu gün yola salınan köç karvanı Horovlu kəndinə çatıb ailələrə evlərin açarları təqdim edilib.
Teleqraf-ın Qarabağ bürosunun xəbərinə görə, Cəbrayıl rayonu Horovlu kəndinə köçən 18 ailəyə mənzillərin açarları təqdim edilib.
Açarların təqdim olunması mərasimində Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin əməkdaşları və digər rəsmi şəxslər iştirak ediblər.
Qeyd edək ki, bu mərhələdə Horovlu kəndinə 18 ailə olmaqla 66 nəfər köçürülüb. Bununla da Horovlu kəndində 150 ailə olmaqla 607 nəfərin məskunlaşması təmin olunub. Onlar respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.


***
12:17
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir.
Teleqraf-ın Qarabağ bürosunun xəbərinə görə, bu gün Cəbrayılın Horovlu kəndinə 18 ailə olmaqla 66 nəfər köçürülür.
Onlar respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.
Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər.
Onlar, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.
