LAÇIN, 4 dekabr. TELEQRAF
Fövqəladə Hallar Nazirliyi tərəfindən Kəlbəcər və Laçın rayonunlarının mürəkkəb relyefli dağlıq ərazilərində baş vermiş yanğınla mübarizə tədbirləri davam etdirilir.
Nazirlikdən Teleqraf-a verilən xəbərə görə, relyefin mürəkkəbliyi və mütəmadi əsən külək yanğınsöndürmə işlərini çətinləşdirsə də yanğınla mübarizə tədbirləri fasiləsiz olaraq həyata keçirilir.
Yanğının daha geniş sahəyə yayılmasının qarşısını almaq və söndürülməsi işlərini sürətləndirmək məqsədilə əraziyə FHN-in Aviasiya dəstəsinin iki ədəd helikopteri də cəlb olunub.
Həmçinin, yanğınlarla mübarizə tədbirlərində FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətləri, Mülki müdafiə qoşunları və Qarabağ Regional Mərkəzinin qüvvələri iştirak edir.
***
15:46
Laçın və Kəlbəcər rayonlarında dağlıq ərazidə davam edən yanğın olan əraziyə 2 helikopter cəlb olunub.
Teleqraf-ın Qarabağ bürosunun xəbərinə görə, davam edən yanğın hadisəsi zamanı alov dağlıq ərazidəki meşə massivinə yayılıb.
Yanğının qarşısını almaq üçün əraziyə FHN Aviasiya dəstəsinin 2 helikopteri, Dövlət Yanğından Mühafizə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri cəlb olunub.
Hazırda yanğınsöndürmə əməliyyatları havadan və qurudan davam etdirilir.
