AĞDAM, 26 noyabr. TELEQRAF
Ağdam şəhərinə köçünü bu yaxınlarda başlaması və 2026-ci ildə yekunlaşması planlaşdırılır.
Teleqraf-ın Qarabağ bürosunun xəbərinə görə, bunu Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin icraçı direktoru Leysan Məmmədov media nümayəndələrinə müsahibəsi zamanı bildirib.
Leysan Məmmədov bildirib ki, Ağdamda aparılan geniş tikinti və yenidənqurma proseslərinin tərkib hissəsi olan İkinci yaşayış kompleksi hazırda mərhələli şəkildə inşa edilir: "Bu kompleksin təməli 2 may 2023-cü il tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən qoyulub. Kompleksdə tikilən mənzillərin ümumi sahəsi 96 min kvadratmetrdən çoxdur. İnşa edilən mənzillərin sayı ümumilikdə 1268-dir və bunlar müxtəlif planlaşdırma ilə təklif olunur.
Burada 114 ədəd 1 otaqlı, 464 ədəd 2 otaqlı, 536 ədəd 3 otaqlı və 154 ədəd 4 otaqlı mənzil olacaq".
Leysan Məmmədovun sözlərinə görə, sakinlərin bu evlərə qayıdış prosesi də mərhələli şəkildə həyata keçiriləcək:
"Köçürülmənin yaxın zamanda başlaması və 2026-cı ildə yekunlaşması planlaşdırılır. Layihədə yalnız yaşayış sahələri deyil, həm də sosial və ictimai infrastruktur nəzərdə tutulub. Hazırda qazanxana kopleksi tikilib yaxın günlərdə istifadəyə veriləcək".