ŞUŞA, 24 noyabr. TELEQRAF

Türk dövlətləri arasında əməkdaşlığın tarixi, siyasi və institusional aspektləri məsələnin daha geniş miqyasda qiymətləndirilməsinə imkan yaradır.

Teleqraf-ın Qarabağ bürosunun xəbərinə görə, bu sözləri Şuşada keçirilən forumda İbn Haldun Universitetinin Heydər Əliyev Avrasiya Araşdırmaları Mərkəzinin direktoru Yaşar Sarı bildirib.

O, çıxışı zamanı bildirib ki, türk xalqları arasındakı əlaqələr dövlətlərarası münasibətlərdən daha qədimdir və bu münasibətlər həm xalqlar, həm də müxtəlif hüquqi və ictimai institutlar səviyyəsində inkişaf edib:

"Bu prosesdə Azərbaycan və Türkiyə liderlərinin mühüm rolu böyükdür. Xüsusilə, Ulu Öndər Heydər Əliyevin türk dövlətləri arasında yaxınlaşmanın təmin edilməsinə yönəlik fəaliyyəti əsas dönüş nöqtələrindən biridir. 1994-cü ilin fevralında Heydər Əliyevin Türkiyəyə səfəri zamanı imzalanan Ankara Bəyannaməsi ikitərəfli münasibətlərdə konkret addımların atılmasına, həmçinin türk dünyasında yeni əməkdaşlıq xəttinin formalaşmasına zəmin yaradıb.

2009-cu ildə Naxçıvanda imzalanan sazişlə Türk dilli dövlətlərin birliyi “Türk Şurası” formatında institutlaşdı. Bu mərhələdə də Prezident İlham Əliyevin siyasi iradəsi və təşəbbüsləri mühüm rol oynadı. Nəticədə 2021-ci ildə Türk Dövlətləri Təşkilatının yaradılması inteqrasiya prosesini daha da gücləndirdi. Türk dövlətləri arasındakı həm ikitərəfli, həm də çoxtərəfli münasibətlər üç əsas prinsip üzərində qurulur: ortaq kimlik, ortaq maraqlar və qarşılıqlı iqtisadi fayda".

Yaşar Sarının fikrincə, türk kimliyi üzərində konsensusun mövcudluğu, o cümlədən enerji və nəqliyyat sahələrində əməkdaşlıq bu inteqrasiyanın əsasını təşkil edir: "1990-cı illərdə enerji siyasətində Azərbaycanın üzləşdiyi təzyiqlərə baxmayaraq, Heydər Əliyevin siyasi cəsarəti sayəsində Bakı neftinin Türkiyə üzərindən dünya bazarlarına çıxarılması təmin olundu. Bu, həm Azərbaycan–Türkiyə strateji tərəfdaşlığının bünövrəsini möhkəmləndirdi, həm də türk dünyası üçün yeni geosiyasi imkanlar yaratdı.

Bu gün Türk Dövlətləri Təşkilatının sürətlə inkişaf etməsi, Azərbaycan və Türkiyənin ardıcıl siyasi iradəsi, ortaq kimlik və iqtisadi maraqların uzlaşması sayəsində mümkün olub".