GORANBOY, 20 oktyabr. TELEQRAF
Goranboyda baş vermiş kütləvi davada xəsarət alanlar Goranboy Rayon Mərkəzi Xəstəxanasına aparılıb.
TƏBİB-dən Teleqraf-a verilən məlumata görə, 20 oktyabr 2025-ci il tarixində saat 00:20 radələrində xəsarət alması səbəbilə 2 kişi Goranboy Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya edilib.
Onlara sol qabırğa arası nahiyəsinin deşilmiş, sol bazunun ön səthinin cızılmış yarası diaqnozu təyin edilib.
Pasiyentlərə zəruri tibbi yardım göstərilib və ambulator müalicə üçün evə buraxılıblar.
***
12:17
Goranboyda mübahisə zəminində xəsarət yetirmə faktı araşdırılır.
Bu barədə Teleqraf-ın Qərb bürosuna DİN-nin Mətbuat Xidmətinin Gəncə Regional Qrupundan məlumat verilib.
Bildirilir ki,Goranboy Rayon Polis Şöbəsinə müraciət edən Tap Qaraqoyunlu kənd sakini oktyabrın 20-də həmkəndlisi, 28 yaşlı Elvin Alışovun sərxoş vəziyyətdə ona yumruqla xəsarət yetirdiyini bildirib.
Müraciət əsasında polis şöbəsində araşdırma aparılır, faktla bağlı müvafiq ekspertiza təyin edilib.
Araşdırmanın nəticələrinə uyğun olaraq məsələyə hüquqi qiymət veriləcək.
***
09:54
Goranboy rayonunda kafedə kütləvi dava baş verib.
Teleqraf-ın Qərb bürosu xəbər verir ki, hadisə rayonun Tapqaraqoyunlu kəndindəki kafelərin birində qeydə alınıb.
İlkin məlumata görə, kənd sakini 1997-ci il təvəllüdlü E.Alışov mübahisə zəminində kafe sahibi 1976-cı il təvəllüdlü E.Quliyevə, orada çalışan 1973-сü il təvəllüdlü Z.Nağıyevə və 1993-cü il təvəllüdlü E.Alışova bıçaqla xəsarət yetirib.
Faktla bağlı araşdırma başlanılıb.