LERİK, 20 oktyabr. TELEQRAF

Lerikdə müəllim direktor tərəfindən döyüldüyünü iddia edir.

Teleqraf-ın cənub bürosu xəbər verir ki, Lerik rayonunun Züvüc kəndində müəllimlə məktəb direktoru arasında insident baş verib.

İbtidai sinif müəllimi Qalib Xosuyev məktəb direktoru Sahil Ağayev tərəfindən döyüldüyünü və uzun müddətdir təzyiqlərə məruz qaldığını iddia edir.

Onun sözlərinə görə, son üç ildə məktəbdəki fəaliyyətində bir sıra haqsızlıqlarla üzləşib. Əvvəlcə məktəbəqədər hazırlıq qrupunda bir il dərs deməsinə baxmayaraq, həmin sinif qanunsuz şəkildə əlindən alınıb və başqa müəllimlərə verilib. Bu vəziyyətə etiraz etməsi isə fiziki və mənəvi təzyiqlərlə nəticələnib.

O, həmçinin direktor Sahil Ağayevin 10-cu sinifdə oxuyan qızı ilə bağlı əsassız məlumatlar yaydığını bildirir.

Qalib Xosuyev hesab edir ki, bu təzyiqlər onun direktorun bəzi qanunsuz fəaliyyətlərini ifşa etməsi ilə bağlıdır.

Hazırda məsələ ilə bağlı Lənkəran-Astara Regional Təhsil İdarəsi tərəfindən araşdırma aparılır. Qurumdan bildirilib ki, bütün iddialar diqqətlə incələnəcək və qanunvericiliyə uyğun tədbirlər görüləcək.