XOCALI, 14 oktyabr. TELEQRAF

Xocalı rayonunun Təzəbinə kəndinə çatan ailələrə mənzillərin açarları təqdim edilib.

Teleqraf-ın Qarabağ bürosunun xəbərinə görə, doğma yurda Xocalı rayonunun Təzəbinə kəndinə köçürülən 117 nəfərdən ibarət 27 ailəyə mənzillərin açarları təqdim edilib. Mərasimdə Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin rəsmiləri iştirak ediblər.

***

13:15

Növbəti köç karvanı Xocalı rayonunun Təzəbinə kəndinə çatıb.

Teleqraf-ın Qarabağ bürosunun xəbərinə görə, Ağdamın Dördyol adlanan ərazisindən yola salınan 27 ailə 117 nəfər Təzəbinə kəndinə çatıb. Daha sonra kəndə qayıdan ailələrə sahib olduqları evlərin açarları təqdim ediləcək.

***

12:11

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir.

Teleqraf-ın Qarabağ bürosunun xəbərinə görə, Xocalı rayonunun Şuşakənd və Təzəbinə kəndlərinə köç karvanı Ağdamın Dördyol adlanan ərazisindən yola salınıb.

Bu mərhələdə Şuşakənd kəndinə 27 ailə olmaqla 116 nəfər, Təzəbinə kəndinə isə 27 ailə olmaqla 117 nəfər köçürülüb.

Köçürülən ailələr bu günə kimi respublikanın müxtəlif yerlərində sanatoriya binalarında, inzibati binalarda məskunlaşan ailələrdir.

Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər.

Onlar, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.