MİNGƏÇEVİR, 13 oktyabr. TELEQRAF

TƏBİB məsələ ilə bağlı rəsmi açıqlama yayıb.

Qurumdan Teleqraf-ın sorğusuna cavab olaraq bildirilib ki, bu gün saat 14:50 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Mingəçevir rayonu ərazisindən çağırış daxil olub.

Dərhal təcili tibbi yardım briqadası çağırış ünvanına cəlb olunub.

Təcili tibbi yardım briqadası tərəfindən 1976-cı il təvvəllüdlü (kişi cinsli) şəxsin həkiməqədər ölüm faktı qeydə alınıb.

***

17:29

Mingəçevir Avtovağzalının icraçı direktoru Coşqun Rəhimovun ölümü ilə bağlı bəzi təfərrüatlar məlum olub.

Teleqraf-ın Mərkəzi Aran bürosu xəbər verir ki, icraçı direktor Mingəçevir Avtovağzalının hotelində vəfat edib. Həmin hoteldə bir otaq Coşqun Rəhimovun daimi istirahəti üçün ayrılıbmış.

Vəfat edən zaman istirahət otağında onun tək olduğu bildirilir.

İcraçı direktor ürək çatışmazlığından əziyyət çəkirmiş, vaxtaşırı ağrıları olurmuş.

Güman edilir ki, ölümündən az öncə yenidən ağrıları başlayıb. Zəng edib köməyə kimisə çağırmaq istəyib, buna gücü çatmadıqda qapını açmağa cəhd göstərib.

Bu zaman yerə yıxılaraq həyatını itirib.

***

16:06

Mingəçevir Avtovağzalının icraçı direktoru iş yerində vəfat edib.

Teleqraf-ın Mərkəzi Aran bürosu xəbər verir ki, hadisə şəhər avtovağzalında qeydə alınıb.

Avtovağzalın icraçı direktoru Coşqun Rəhimov istirahət otağında ölmüş vəziyyətdə aşkar olunub.

Əməkdaşlar və yaxınları onun dincəldiyi otaqdan eşiyə çıxmadığını görəndə narahatlıq keçiriblər. Otağa baxış zamanı onun vəfat etdiyi məlum olub.

İlkin məlumata görə, ölümə ürək çatışmazlığı səbəb olub. Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, Mingəçevir Avtovağzalının sahibi mərhumun atası Tofiq Rəhimovdur.