AĞDƏRƏ, 10 oktyabr. TELEQRAF
Ağdərədə tapılan skelet qalıqlarının Azərbaycan ordusunun bir qrup hərbçisinə məxsus olduğu ehtimal edilir.
Teleqraf-ın Qarabağ bürosunun xəbərinə görə, bu sözləri Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının işçi qrupunun üzvü Zaur İsmayılov media nümayəndələrinə söyləyib.
Onun sözlərinə görə, qalıqların aşkarlandığı yer döyüş mövqeyi olub: "Çox əlverişli döyüş mövqeyi olub. Buradan uzaq məsafələri vizual müşahidə eləmək olur. Ballıqaya, Sırxavənd, Bəşirlər və Qaraşlar kəndlərini tam nəzarətdə saxlamaq mümkün idi. Bu ərazilərdə döyüş gedib, yüksəklik dəfələrlə əldən-ələ keçib. 1993-cü ilin yanvar ayında son döyüşün şahidlərinin ifadəsinə görə, Azərbaycan Ordusunun bir qrup hərbçisi burada həlak olub".
Zaur İsmayılov bildirib ki, axtarışlar zamanı bu ərazidə 10-dan artıq insan qalıqları aşkarlanıb:
"Bu ərazidə daha geniş axtarışlar aparılacaq. Qalıqlar götürüldükdən sonra alt səthi yoxlanılacaq. Meyit qalıqlarının sayının artması istisna deyil".