GƏNCƏ, 29 sentyabr. TELEQRAF

Gəncədə yeni istifadəyə verilən şəhər stadionuna media-tur təşkil olunub.

Teleqraf-ın Qərb bürosu xəbər verir ki, media nümayəndələri stadionun ərazisində olublar.

Bildirilib ki, Gəncə şəhərində UEFA-nın 4-cü kateqoriya standartlarına uyğun yeni futbol stadionu istifadəyə verilib.

Ərazisi 10 hektardan çox olan stadionun tamaşaçı tutumu 15 min 343 nəfərdir. Arenanın ərazisində AFFA tərəfindən köməkçi məşq meydançaları və futbol akademiyasının binası da tikilib.

Stadionda futbolçular üçün soyunub-geyinmə otaqları, konfrans zalı, tibb məntəqəsi, hakimlər və texniki heyət üçün otaqlar yaradılıb. Müasir işıqlandırma, səs, yayım, internet və təhlükəsizlik sistemləri ilə təchiz olunan arena UEFA-nın 4-cü kateqoriya tələblərinə tam cavab verir.

Qeyd edək ki, yeni stadionda artıq III MDB Oyunlarının açılış mərasimi keçirilib.