BAKI, 4 iyun. TELEQRAF

Azərbaycanda briket (odun yonqarı, kömür tozu - red) fabriklərinin yaradılması təklif olunub.

Teleqraf xəbər verir ki, bu barədə Milli Məclisin deputatı Əlibala Məhərrəmzadə parlamentin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində "İstilik təchizatı haqqında" Qanunla əlaqədar keçirilən ictimai dinləmədə danışıb.

O bildirib ki, təmsil etdiyi Quba rayonunun bir çox dağ kəndlərinə qaz çəkmək çətindir:

"Həmin ərazilərə qaz layihəsinin işlənilməsinin də səmərəsi yoxdur. Çünki orada az adam yaşayır və layihə baha başa gəlir. Bunu "Azəriqaz"la da müzakirə etmişik. Bunu nəyləsə əvəz etmək lazımdır. Məsələn, alternatin enerjilərlə. Dünyada bu, bir neçə formada tənzimlənir. Məişət tullantılarından alternativ enerji əldə edə bilərik. Bu həm də ekoloji problemlərin qarşısını alacaq və tullantı poliqonlarının sayını azaldacaq. Büdcədən Elm və Təhsil Nazirliyinə, Müdafiə Nazirliyinə istiliklə bağlı maliyyə ayırılır, onlar da bəzən odundan istifadə edirlər. Bu həm də Ekologiya və Təbii Sərvətlər Nazirliyini də narahat edə bilər. Bir tərəfdən ağaclar əkirik, digər tərəfdən də onları kəsirik. Təklif edirəm ki, Azərbaycanda briket fabrikləri yaradılsın. Bu həm poliqonların sayını azaldacaq, həm də problemin qarşısını alacaq. Bununla bağlı konsepsiya hazırlamaq olar".