BAKI, 29 may. TELEQRAF
Tikinti obyektinin istismarına icazə verilməsi qaydalarında dəyişiklik olunur.
Teleqraf xəbər verir ki, bu, parlamentin Aqrar siyasət komitəsində müzakirəyə çıxarılan Meşə Məcəlləsində, Mülki Məcəllədə, Vergi Məcəlləsində, Şəhərsalma və Tikinti Məcəlləsində, “İcra haqqında” və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” qanunlara təklif edilən dəyişiklik layihəsində əksini tapıb.
Mövcud qanunvericiliyə görə, məlumatlandırma icraatının tətbiq olunduğu tikinti obyektlərinin tikintisi başa çatdıqdan sonra, sifarişçi bu barədə məlumatı sifarişli poçt göndərişi ilə 10 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanına və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma göndərir. Sifarişçi öz arzusu ilə həmin məlumatı Tikintilərin Dövlət reyestrinə göndərə bilər.
Təklif olunan dəyişiklikdə isə sifarişçinin öz arzusu ilə həmin məlumatı Tikintilərin Dövlət reyestrinə göndərə bilməsi ilə bağlı hissə ləğv olunur.
Bundan başqa, tikinti obyektlərinin istismarına icazə verildiyi gündən, habelə məlumatlandırma icraatının tətbiq olunduğu tikinti obyektlərinin tikintisinin başa çatması barədə sifarişçi tərəfindən məlumat verildikdən sonra, müvafiq icra hakimiyyəti orqanı və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum (reklam qurğularına münasibətdə isə müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum) 5 iş günü müddətində bu barədə vahid informasiya təminatı sisteminin tərkib hissəsi olan Tikintilərin Dövlət reyestrinə məlumat təqdim etməlidir. Həmin məlumatlar 3 iş günü müddətində Tikintilərin Dövlət reyestrinin internet səhifəsində yerləşdirilir.
Layihədə isə qeyd olunub ki, tikinti obyektlərinin istismarına icazə verildiyi andan, habelə məlumatlandırma icraatının tətbiq olunduğu tikinti obyektlərinin tikintisinin başa çatması barədə sifarişçi tərəfindən məlumat verildikdən sonra, dərhal bu məlumatların Tikintilərin Dövlət reyestrinə ötürülməsi təmin edilir. Həmin məlumatlar 3 iş günü müddətində Tikintilərin Dövlət reyestrinin internet səhifəsində yerləşdirəcək.