BAKI, 21 may. TELEQRAF

Həyat yoldaşlarının uşaq dünyaya gətirməsi ilə əlaqədar atalara ödənişli məzuniyyətin verilməsi təklif olunur.

Teleqraf xəbər verir ki, bu, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2024-cü il üzrə məlumatında əksini tapıb.

Qeyd olunub ki, məşğulluq sahəsində qarşıya qoyulan vəzifələrdən biri də həyat yoldaşlarının uşaq dünyaya gətirməsi ilə əlaqədar atalara verilən 14 günlük ödənişli məzuniyyətin verilməsidir.

Bundan başqa, Dövlət Komitəsi bir neçə təkliflə də çıxış edib:

Kişilərin və oğlanların əmək bazarında azlıq təşkil etdikləri sahələrə cəlb edilməsi, onlara bu istiqamətdə təsir göstərən gender stereotiplərinin aradan qaldırılması;

Qadınların, xüsusilə kənd yerlərində yaşayan qadınların iqtisadi fəallıq səviyyəsinin yüksəldilməsinə, kişilərlə bərabər iqtisadi hüquqlarının həyata keçirilməsinə hərtərəfli dəstəyin göstərilməsi;

Qadın sahibkarlığının stimullaşdırılması üzrə yeni mexanizmlərin işlənilməsi;

Ailə öhdəliyi olan işçilərin məşğulluq imkanlarının genişləndirilməsi məqsədilə məktəbəqədər təhsil infrastrukturunun inkişafı üzrə tədbirlərin davam etdirilməsi;

Qadınların rəqabətliliyinin artırılması məqsədilə əmək bazarında prioritet peşələr üzrə peşə hazırlığının təşkili;

Məişət zorakılığı hallarının qarşısının alınması:

Uzunmüddətli mühafizə orderinin alınması üçün məhkəməyə müraciət edən məişət zorakılığından zərərçəkmiş şəxslərin dövlət rüsumundan azad edilməsinə dair dəyişiklik edilməsi;

Məişət zorakılığından əziyyət çəkən şəxslərə təxirəsalınmaz və hərtərəfli yardımların göstərilməsi, bu məqsədlə beynəlxalq standartlara uyğun müvafiq infrastrukturun (yeni yardım mərkəzləri, sığınacaqlar, qaynar xətlər) yaradılması;

Qısamüddətli mühafizə orderlərinin verilməsi səlahiyyətinin polis orqanlarına həvalə edilməsi və orderin müddətinin artırılması;

Məişət zorakılığından, o cümlədən cinsi zorakılıqdan zərər çəkmiş və ya bu cür zorakılıq hallarının şahidi olan uşaqların hüquqlarının müdafiəsində "Lansarote" Konvensiyasının tələblərinə riayət olunması;

Aliment Fondunun yaradılması;

İllik məlumat parlamentin Ailə, qadın və uşaq məsələləri komitəsinin bugünkü iclasında müzakirə olunub.