BAKI, 21 may. TELEQRAF

Ötən il Azərbaycanda gender əsaslı zorakılıqla bağlı 860 müraciət qeydə alınıb.

Teleqraf xəbər verir ki, bu, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2024-cü il üzrə məlumatında əksini tapıb.

Zorakılığa məruz qalmaları ilə bağlı müraciət edənlərdən 272 nəfəri qadın, 58 nəfəri isə kişilərdir. Onlar Dövlət Komitəsindən dəstək istəyiblər.

Müraciətlərin 205-i Bakıdan, 125-i isə regionlardan daxil olub. Müraciət edənlərin 137-si evli, 140 nəfəri subay, 53 nəfər isə boşanmışdır. Yaş statistikasına görə, müraciət edənlərdən 77 nəfər 0-18 yaş, 145 nəfər 19-35, 80 nəfər 36-55, 28 nəfər isə 56 yaşdan yuxarı şəxslər olub.

Ümumi müraciət edənlərin 86 nəfəri məşğul, 244 nəfəri isə işsiz, 64 nəfər ali təhsilli, 177 nəfər orta təhsilli, 89 nəfər isə təhsilsizdir.

Ümumilikdə isə dəstək xidmətinə 1 623 müraciət olub ki, bunlar da 6 istiqaməti əhatə edib. Xidmət istiqamətləri sosial problemlərin həllinə dəstək, sığınacağa yönləndirmə, dövlət qurumları ilə əməkdaşlıq, telefonda psixoloji dəstək, məşğulluq problemlərinin həllinə dəstək və hüquqi yardım olub.

Ən çox müraciət hüquqi yardıma ehtiyacla bağlı olub:

Məişət zorakılığı - 304 (19%)
Boşanma prosesindəki problemlər - 472 (29%)
Sosial-maddi rifahın aşağı olması - 267 (16%)
Səhiyyə hüququnun təmin edilməsi - 42 (3%)
Hüquqi yardıma ehtiyac - 495 (30%)
Sığınacaqla təmin olunma - 43 (3%)

Bundan başqa, müraciətlərin 24%-i sosial şəbəkələr üzərindən olub. 4 faiz şəhər telefonları, 72 faiz isə mobil nömrələrlə müraciət edib.